Bakıda özünü metro qatarının altına atan adam sağ qaldı

21 Avqust, 2018 14:26 | Hadisə | Baxış sayı: 154
Bakı metrosu
Bakı metrosu

Paytaxta qonaq gəlmiş rayon sakininin bir qədər spirtli içki qəbul etdiyi aşkarlanıb

Bu gün Bakı Metropoliteninin “Dərnəgül - Həzi Aslanov” xətti üzrə qatarların hərəkətində ləngimə olub.

İstiPress-in məlumatına görə, bu barədə "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.

B.Məmmədovun sözlərinə görə, bu gün saat 11:40-da metronun “Nizami” stansiyasında Ağdaş rayon sakini, 1968-ci il təvəllüdlü Yusifov Tərlan özünü platfiormaya daxil olan qatarın altına atıb: “Bu səbəbdən təlimata uyğun olaraq qatarın hərəkətinə icazə verilməyib. Təmas relslərindən yüksək gərginlik ayırılıb. Sərnişin oradan çıxarılandan sonra qatarın hərəkətinə icazə verilib”.

Metropoliten rəsmisi qeyd edib ki, T.Yusifov xəsarət almasa da, təcili tibbi yardım maşını ilə xəstəxanaya göndərilib: “O, özünü atdıqdan sonra iki reys arasında uzandığı üçün xəsarət almayıb. Onun bir qədər spirtli içki qəbul etdiyi də aşkarlanıb”.

B.Məmmədov bildirib ki, bu hadisə ilə əlaqədar “Elmlər Akademiyası” stansiyasında qatarın hərəkətinə mövcud intervaldan 4 dəqiqəyə qədər çox fasilə verilib:

“Bu ləngimə yalnız “Yaşıl xətt” üzrə qeydə alınıb. Hazırda qatarların hərəkətində problem yoxdur”.