Qubada təkbaşına ailə dolandıran ana canına qıydı

21 May, 2019 12:33 | Hadisə | Baxış sayı: 251
suda boğulma
suda boğulma

38 yaşlı qadının əri işsiz idi, ailənin isə borcu olub

Qubanın Zərdabi qəsəbə sakini, 38 yaşlı Sevinc Gülağa qızı Nemətova bu gün səhər intihar edib. İstiPress-in Şimal bürosunun məlumatına görə, qadın özünü Samur-Abşeron kanalına atıb. Mərhumun kanala atdığını, çabaladığını ətrafdakı insanlar görsə də onu xilas etmək mümkün olmayıb.

Sevinc Nemətovanın meyidi Samur-Abşeron kanalının Mirzəqışlaq kəndi ərazisində sudan çıxarılıb və tibbi ekspertizaya göndərilib. Hadisə yerində  rayon prokurorluğunun və polis şöbəsinin rəsmiləri  olub.

Əldə etdiyimiz məlumata görə, qadın çörək sexində çalışıb. Həyat yoldaşı isə işsiz olub. Ailə qadının qazancı hesabına dolanıb. S.Nemətovanın intihar etməsinə ailə münaqişəsinin səbəb olduğu ehtimal edilir. Məlumata görə, ailənin külli miqdarda borcu olub.

Bütün bu nüansların  Quba rayon prokurorluğunda araşdırılmasına başlanılıb. Rayon prokurorluğunda CM-nin 125-ci-özünü öldürmə həddinə çatdırma maddəsilə cinayət işi açılıb. İki uşaq anası olan 38 yaşlı qadının özünü öldürməsinin tam səbəbinə  başlanılan istintaq tədbirləri ətraflı aydınlıq gətirəcək.