Bakıda işdən çıxmış məmurun ölümü seçməsinin səbəbi

20 Dekabr, 2017 19:20 | Hadisə | Baxış sayı: 840
Tabut (Arxiv)
Tabut (Arxiv)

“Mən öz əbədi dünyama gedirəm, məni axtarmayın"

Üç gün əvvəl Qusarın Mucuq kəndinin yaxınlığından tapılan çürümüş kişi meyidi ilə bağlı maraqlı təfərrüatlar ortaya çıxıb. Ötən gün Qusarın prokurorluq və polis əməkdaşları meyitin Bakı sakini, məşhur Musəvilər nəslininin nümayəndəsi Mirvahid Mirməhəmmədəli oğlu Musəviyə aid olmasını sübuta yetirib.

 İstiPress-in şimal bürosunun hüquq-mühafizə orqanlarından əldə etdiyi məlumata görə, meyiti tapılan Mirvahid Musəvi iyun ayında Bakıdakı evindən çıxaraq itkin düşüb, həmin vaxtdan Bakının Nərimanov rayon polis idarəsində itkin kimi axtarışda olub. 59 yaşlı Mirvahid Musəvi ali təhsilli fizik olub, uzun müddət Xəzər Dəniz Gəmiçiliyi idarəsində işləyib və təqaüdə çıxıb. Musəvi itkin düşdükdən sonra Nərimanov rayon polis idarəsinin əməkdaşları onun evindən qardaşına yazdığı məktub tapılıb. Məktubda mərhum Mirvahid Musəvi məktubda müxtəlif dinlərdən, tərkidünyalıqdan, ruhun bədənindən çıxmasından yazıb və özünün əbədi dünyaya getdiyini söyləyib: "Ruhum bədənimdən çıxır, bədənimi apara bilmirəm, ruhumu bədənimə qaytara bilmirəm, mən öz əbədi dünyama gedirəm, məni narahat etməyin, məni axtarmayın".

Üç gün əvvəl Qusarın Mucuq kəndinin şimalında-meşənin dərinliyində tapılan, çürümüş, təxminən 50-60 yaşında tapılan kişi meyitinin yanında da eyni məzmunda məktub tapılıb. Tərkidünyalığı əks etdirən həmin məktubla yanaşı Mirvahid Musəvinin meyitinin yanından fənər, bıçaq, dərman, çanta, müxtəlif səfər əşyaları da aşkar edilmişdi.

Tapılan kişi meyitinin Qusar prokurorluğu və polisinin birgə əməliyyat -axtarış tədbirləri nəticəsində şəxsiyyəti məlum olduqdan sonra Nərimanov polis ifarəsi əməkdaşlarının köməkliyi ilə mərhumun qardaşı Mirazər Qusara dəvət olunub. O inzibati orqan əməkdaşlarına bildirib ki, qardaşı bu ilin iyun ayından evdən çıxıb və axtarılırdı. İlkin araşdırma zamanı o da məlum olub ki, Mirvahid Musəvi tək yaşayırmış. O yaşadığı evi də qardaşına bağışlayaraq halallıq da verib və evdən çıxaraq üzü Qusara yola çıxıb. Onun hansı səbəbdən Qusar meşəsinə gedib çıxması, meşədə neçə gün qalması məlum deyil. Qusar prokurorluğu bu istiqamətdə araşdırma aparır.  Təyin edilmiş tibbi ekspertiza Mirvahid Musəvinin ölümünün tam səbəbini müəyyən edəcək. Mərhumun meyiti bu gün qardaşı Mirazərə təhvil verilib.

Məlumat üçün deyək ki, məşhur Musəvilər nəsli Azərbaycanda Səfəvilər sülalələsinin bir qoludur.