Kəndə qonaq gedən uşaq qazdan boğulub öldü

20 Avqust, 2019 19:02 | Hadisə | Baxış sayı: 175
Təcili yardım maşını
Təcili yardım maşını

Rayon mərkəzi xəstəxanasına aparılarkən yolda ölüb

Qubaya qonaq gələn 10 yaşlı uşaq maye qazdan boğulub ölüb.

İstiPress-in şimal bürosunun məlumatına görə, hadisə Qubanın Xanəgah kəndində qeydə alınıb.

Xanəgah kəndinə Bakıdan qonaq gələn 10 yaşlı Rəsul Ramiz oğlu Cəfərov babası Nurəddin İsmayıl oğlu Mansurova məxsus evin sanitar qovşağından huşunu itirmiş halda tapılıb. Onu anası görüb və dərhal həkim çağrılıb. Uşaq təcili yardım avtomobili ilə Quba rayon mərkəzi xəstəxanasına aparılarkən yolda ölüb. Hadisə barədə məlumat daxil olan kimi Quba prokurorluğunun və polis şöbəsinin əməkdaşları hadisə yerinə yollanıblar. Uşağın meyidi Səhiyyə Nazirliyinin Məhkəmə Tibb Ekspertizası və Patoloji Anatomiya Birliyinin Quba rayon şöbəsində tibbi ekspertizadan keçirilib.

Hadisə yerində araşdırma aparan  hüquq-mühafizə orqanlarının nümayəndələri müəyyən ediblər ki, Nurəddin Mansurova məxsus evin su qızdırıcısı maye qaz balonu ilə işləyir və 10 yaşlı Rəsul Cəfərov maye qazdan boğulub. Mənzildə qaz xətti olmadığı da aydın olub.

Quba rayon prokurorluğu faktın araşdırmasına başlayıb. Mərhum məktəbli Rəsul Cəfərov Bakıdakı 263 saylı məktəbin 3-cü sinif şağirdi olub və ailəsilə Bakının Xətai rayonunjn Yeni Günəşli qəsəbəsində yaşayıb.