Bakıda adlarını dəyişərək dələduzluq edənlər ələ keçdi

19 Sentyabr, 2018 16:28 | Hadisə | Baxış sayı: 45
Cinayətkarın həbsi - ARXİV
Cinayətkarın həbsi - ARXİV

Rusiyaya geyim əşyaları göndərməkdə üçün kömək üçün 2400 dollar aldılar

Bakıda adlarını dəyişərək vətəndaşları dələduzluq yolu ilə aldadan şəxslər tutulub.

İstiPress Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinə istinadən bildirir ki, Bakı şəhər sakini Çərkəz Həsənov polisə müraciət edərək bir müddət əvvəl Lökbatan qəsəbəsində yerləşən ticarət mərkəzlərindən birində Nizami və Fərid adlı şəxslərlə tanış olduğunu və həmin şəxslər tərəfindən 2400 ABŞ dollarının mənimsənildiyi barədə məlumat verib.

Nərimanov Rayon Polis İdarəsi 18-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat nəticəsində qeyd edilən cinayəti törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuşlar - Cəlilabad rayon sakini Taleh Həşimov və Biləsuvar rayon sakini Röyal Həsənov saxlanılıblar.

Araşdırma zamanı həmin şəxslərin zərərçəkəni Rusiya Federasiyasına geyim əşyaları göndərməkdə ona köməklik göstərəcəkləri adı altında aldadaraq metronun “Nərimanov” stansiyasının yaxınlığında qeyd edilən miqdarda pulu dələduzluq yolu ilə əldə etdikləri məlum olub. T.Həşimov və R.Həsənovun verdikləri vədə əməl etmədiyini görəndən sonra zərərçəkən bu barədə polisi məlumatlandırıb.

Saxlanılan şəxslər ifadələrində daha iki nəfəri eyni üsulla aldadaraq pullarını ələ keçirdiklərini bildiriblər. Qeyd edək ki, T.Həşimov özünü zərərçəkənlərə Nizami, R.Həsənov isə Fərid kimi təqdim edib.

Faktlarla bağlı 18-ci Polis Şöbəsində toplanan material araşdırılması üçün Nərimanov Rayon Polis İdarəsinin İstintaq şöbəsinə göndərilib. T.Həşimov və R.Həsənovun əməllərindən zərərçəkən və hələ də polisə məlumat verməyən başqa şəxslər varsa, bu barədə Daxili işlər Nazirliyinin “102” Zəng Mərkəzinə, Nərimanov Rayon Polis idarəsinə və ya 18-ci Polis Şöbəsinə müraciət edə bilərlər.