Bacısının sevgilisini maşınla vurub öldürdü - Bakıda qanlı qəza

19 İyun, 2020 14:59 | Hadisə | Baxış sayı: 129
Avtomobil qəzası
Avtomobil qəzası

Bakı Apellyasiya Məhkəməsində qəsdən adam öldürməkdə təqsirli bilinən Murad Baxşıyevin şikayəti üzrə ilkin baxış iclası keçirilib.

İstiPress-in məlumatına görə, iclasda anket məlumatları və apellyasiya şikayətinin dəlilləri araşdırılıb və baxış iclası iyulun 1-nə təyin edilib.

Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Murad Baxşıyev 17 il müddətinə azadlıqdan məhrum edilib.

O, Cinayət Məcəlləsinin 120.2-ci (xuliqanlıq niyyətilə qəsdən adam öldürmə) və 29, 120.2.7-ci (iki və daha çox şəxsi öldürməyə cəhd) maddəsi ilə təqsirli bilinib.

Hadisə ötən il Xəzər rayonu, Buzovna qəsəbəsində qeydə alınıb. 29 yaşlı Murad Baxşıyev idarə etdiyi "VAZ 2107" markalı avtomobillə tanışı və qonşusu 1988-ci il təvəllüdlü Əliyev Rəşad Zakir oğlunu qəsdən vuraraq qətlə yetirib.

Hadisə zamanı ölən şəxsin yanında M.Baxşıyevin bacısı V.Baxşıyeva da olub və o da xəsarət alıb.

İttihama görə, Murad bacısının mərhum Rəşadla münasibətini öyrənib və onları öldürmək istəyib.

M.Baxşıyev isə ittihamı qəbul etməyərək məhkəmədə hadisəni təsadüf nəticəsində törətdiyini deyib.