Quba yolunda dəhşətli qəza, gözəllik salonunun işçiləri öldü

18 Noyabr, 2019 08:40 | Hadisə | Baxış sayı: 3730
Qəzaya uğrayan "Jiquli"
Qəzaya uğrayan "Jiquli"

"Jiquli" kərpic zavodundan yola diqqətsiz çıxan "KamAZ"a çırpılıb

Bakı-Quba-Rusiya sərhədi yolunun 78-ci km-də -Xızı rayonunun Giləzi qəsəbəsi ərazisində ağır yol qəzası baş verib. istiPress-in Şimal bürosunun məlumatına görə, "KamAZ"markalı avtomobillə "VAZ 21014" markalı avtomaşının toqquşması 2 nəfərin ölümünə, bir nəfərin ağır yaralanmasına səbəb olub.

Xızı rayonunun Giləzi qəsəbə sakini, 40 yaşlı Rəhim İntiqam oğlu Rəhimovun idarə etdiyi "KamAZ"markalı avtomaşınla Xaçmazın Çiləgir kənd sakini, 28 yaşlı Hümbət Şayəddin oğlu Savalanovun idarə etdiyi "Jiquli" toqquşub. Nəticədə sürücü Hümbət Savalanov və sərnişinləri-Günay Şakir qızı Savalanova, Oksana Gülağa qızı Əliyeva müxtəlif ağır xəsarətlərlə Siyəzən regional müalicə dioqnostika mərkəzinə çatdırılıblar.

Həkimlərin səyinə baxmayaraq "Jiquli"nin sürücüsünün həyat yoldaşı, 26 yaşlı Günay Şakir qızı Savalanova və Xaçmazın Yeni həyat qəsəbə sakini, Oksana Gülağa qızı Əliyevanı xilas etmək mümkün olmayıb. Sürücü Hümbət Savalanovun da vəziyyətinin olduqca kritik olduğu deyilir.

Faktla bağlı CM-nin 263.3 (2 və daha çox şəxsin ölümünə səbəb olma) maddəsilə cinayət işi açılıb. Əldə etdiyimiz məlumata görə, ağır qəzaya "KamAZ" sürücüsü Rəhim Rəhimovun diqqətsizliyi səbəb olub. Belə ki, yük maşını yolun sağındakı kərpic zavoddan magistral yola çıxaraq dəmir çəpərdən keçməklə Bakı istiqamətinə dönmək istəyib. Bu zaman Bakı istiqamətindən gələn "Jiquli" arxadan ona çırpılıb.

Qəzada həlak olan qadınlar -Günay Savalanova və Oksana Əliyeva Xaçmaz şəhərindəki gözəllik salonlarının birində işləyirlərmiş.

Qeyd edək ki, bu,noyabr ayında Quba yolunda baş verən 2 -ci ağır qəzadır. Noyabr ayında Siyəzən ərazisində "Mercedes"lə "Lada Kalina"nın toqquşması nəticəsində 4 nəfər ölmüşdü. Quba yolunun Xızı ərazisində piyada ölümü də noyabr ayında qeydə alınıb.

Qəzada ölən qadınlar
Qəzada ölən qadınlar