İki gənc qadını öldürən əsas günahkar

18 Noyabr, 2019 18:23 | Hadisə | Baxış sayı: 450
Qəzada ölən qadınlar
Qəzada ölən qadınlar

2 və daha çox şəxsin ölümünə səbəb olma maddəsilə cinayət işi açılıb

Bakı-Quba yolunun 79-cu km-də - Xızının Giləzi qəsəbəsi ərazisində baş vermiş ağır yol nəqliyyat hadisəsi ilə bağlı  Cinayət Məcəlləsinin 263.3 (2 və daha çox şəxsin ölümünə səbəb olma) maddəsilə cinayət işi açılıb.

İstiPress-in şimal bürosunun hadisə yerində işləyən hüquq-mühafizə orqanlarından əldə etdiyi məlumata görə, ağır qəzaya səbəb Kamaz sürücüsünün diqqətsizligi səbəb olub. 

Noyabrın 17-də axşam saat 21 radələrində baş vermiş qəza zamanı "Kamaz"ın sürücüsü Rəhim Rəhimov 2-ci dərəcəli yoldan baş yola daxil olaraq qadağan olunmuş yerdən - dəmir çəpərdən keçməklə Bakı istiqamətinə dönmək istəyib. Amma sürücü dönmə prosesini başa çatdıra bilmədiyindən Bakı istiqamətindən Quba istiqamətinə gedən "Jiquli" "Kamaz"ın arxa sol küncünə çırpılıb. Ağır nəticə göz qabağındadır. Sürücü Rəhim Rəhimovun hadisədə təqsiri sübut olunsa, onu ən azı 6 il həbs cəzası gözləyir.

Xızınin Giləzi qəsəbə sakini, 40  yaşlı Rəhim İntiqam oğlu Rəhimovun idarə etdiyi "Kamaz"la Xaçmazın Çiləgir kənd sakini, 28 yaşlı Hümbət Şayəddin oğlu Savalanovun idarə etdiyi Vaz-21014 markalı avytomaşın toqquşub.

Nəticədə "Jiquli"nin sərnişinləri - sürücünün həyat yoldaşı, 26 yaşlı Günay Şakir qızı Savalanova və yaşıdı Oksana Gülağa qızı Əliyeva Siyəzən regional müalicə dioqnostika müalicə mərkəzində dünyasını dəyişiblər. Sürücü Hümbət Savalanov isə mərkəzdə müalicəsini davam etdirir. "Kamaz"ın sürücüsü Rəhim Rəhimov isə qəzadan xəsarətsiz canını qurtara bilib.

Qeyd edək ki, ağır qəzada ölən iki qadın - 26 yaşlı sürücünün 26 yaşlı arvadı Günay Savalanova və onun gözəllik salonundan iş yoldaşı olan yaşıdı Oksana Əliyevadır.