Bakıda atasını baltalamış qızın məhkəməsi olub

18 Oktyabr, 2018 14:47 | Hadisə | Baxış sayı: 102
Baltalı qadın
Baltalı qadın

Ata qızını bağışladığını və ondan şikayətçi olmadığını deyib

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində atasını öldürməyə cəhd etməkdə təqsirləndirilən Aliya Həbibovanın cinayət işi üzrə məhkəmə istintaqı başlayıb.

İstiPress-in məlumatına görə, cinayət hadisəsi ötən il noyabrın 4-də Binəqədi rayonu, 8-ci mikrorayon, Cəfər Xəndan küçəsində baş verib. Həmin ünvanda ailə münaqişəsi zamanı A.Həbibova atası, 1956-cı il təvəllüdlü Cəmşid Salxakinin başından balta ilə vurub. C.Salxakin kəsilmiş-çapılmış xəsarətlərlə xəstəxanaya çatdırılıb. Ona vaxtında tibbi yardım göstərildiyi üçün həyatını xilas etmək mümkün olub. Daha sonra A.Həbibova Binəqədi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.

Prosesdə təqsirləndirilən şəxs bildirib ki, hadisə zamanı atası Cəmşid Salxakin onu boğub: "Mən də özümü müdafiə etmək istəyirdim. Buna görə də atamı vurdum". Daha sonra zərərçəkmiş C.Salxakin dindirilib. O, qızını bağışladığını və ondan şikayətçi olmadığını deyib. Məhkəmənin növbəti iclası oktyabrın 25-nə təyin edilib.

İstintaq orqanı tərəfindən onun barəsində Cinayət Məcəlləsinin 29,120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə ittiham elan edilib.

Məhkəmənin qərarı ilə A.Həbibova barəsində polis nəzarəti qətimkan tədbiri seçilib.