Kürəkən qaynana və qaynatasını buna görə öldürüb

18 Sentyabr, 2020 13:49 | Hadisə | Baxış sayı: 179
Ov tüfəngi
Ov tüfəngi

Xaçmazda 46 yaşlı kürəkənin qohumlarını öldürməsinin bəzi təfərrüatları məlum olub.

İstiPress-in şimal bürosunun Ləcət kənd sakinlərindən aldığı məlumata görə, güllələnərək qətlə yetirilən 57 yaşlı Sona və Beykəs Yunusovların qızı Könül rayonun Seyidli kəndindən olan Rəhman Osmanovla evlənərək ora gəlin köçüb.

Onların ailəli olan bir qızı var və artıq nənə, baba da olublar. Könül Osmanova bu il sentyabrın əvvəllərində ərindən küsüb ata evinə qayıdıb. Bu, Rəhman Osmanovun acığına gəlib. Arvadını geri qaytarmaq üçün plan cızan Rəhman Osmanov ov tüfənginin lüləsini kəsərək silahı atəşə hazırlayıb. Bu gün səhər saatlarında Ləcət kəndinə gələn kürəkən Osmanov əvvəlcə qaynatası Beykəs Yunusovu çölə çağıraraq onu güllələyib. Sonra qaynanası Sona Yunusovanı güllələyən gözünü qan örtmüş Rəhman Osmanov ondan qaçan həyat yoldaşı Könülün arxasınca da güllə atıb. Qonşudakı qardaşı evinə qaçan Könül canını qurtara bilib. Kürəkən qaynının pəncərəsinə də 3 güllə atıb.

Sağ döş qəfəsindən ağır yaralanan 57 yaşlı qaynana Sona Yunusova hadisə yerindəcə ölüb. Yaxınları tərəfindən Xaçmaz rayon mərkəzi xəstəxanasına çatdırılan qaynata Beykəs Yunusov isə səhər saat 10 radələrində tibb müəssisəsində keçinib.

Xaçmaz polisi artıq iki insanı həyatdan məhrum etmiş Rəhman Osmanovu şübhəli şəxs qismində saxlayıb. Rayon prokurorluğunda cinayət işi açılıb. Araşdırmalar davam edir.