Qubada çoban dəhşət yaşadı - ayı balaları ilə ona hücum etdi və ...

18 Sentyabr, 2019 14:16 | Hadisə | Baxış sayı: 482
Ayı
Ayı

İtlərin hürməsindən narahat olaraq sürüsünü yoxlayan çoban xəstəxanalıq olub

Qubada növbəti dəfə ayı hücumu qeydə alınıb. İstiPress-in Şimal Bürosunun məlumatına görə, hadisə rayonun dağlıq Cimi kəndində baş verib. Kənddən 15 km aralıda yerləşən yaylaqda qoyun sürüsünü otaran kənd sakini, 38 yaşlı Akif Əlisəfa oğlu Nərimanov itlərin hürməsini eşidib və sürününü önünə keçib. Bu zaman ayı ona arxadan hücum edib və dişləri ilə xəsarət yetirib. 

Çiyin, kürək və qol nahiyəsində çoxlu deşilmiş xəsarət alan Akif Nərimanov ayı hücumu barədə telefonla qardaşına xəbər verə bilib. Qardaşı yaralını dərhal Quba rayon mərkəzi xəstəxanasının cərrahiyyə şöbəsinə çatdırıb.

Ona quduzluq əleyhinə vaksin vurulub və zəruri müalicələr təyin edilib. İlk tibbi yardımdan sonra Akif Nərimanov müalicəsini ev şəraitində davam etdirmək məqsədilə evə buraxılıb.

Akif Nərimanovun sözlərinə görə, o hücum edən ayının 2 balası da yanında olub. Ana ayı çobanın balalarına zərər verəcəyindən ehtiyat etdiyi üçün ona xəsarət yetirib.

Çobanın sözlərinə görə, ayı ona arxadan hücum edib. O, qışqırandan sonra vəhşi heyvan balaları ilə bilrikdə qaçıb. 

Xatırladaq ki, bu son bir neçə gündə Qubada qeydə alınan 3-cü ayı hücumudur. Belə ki, sentyabrın əvəllərində Xınalıq kəndində, Tufandağın ətəyində - yaylaqdakı sürüyə hücum edən ayı bir baş inəyi parçalayıb. Küsnətqazma kəndinə isə ayının hücum edərək kənd təsərrüfatı heyvanlarına zərər vurması ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinə məlumat daxil olmuşdu. Bu məlumat əsasında İşçi Qrup yaradılıb.