Məktəbli gənc həmyerlisini bıçaqla öldürdü

18 Mart, 2020 16:29 | Hadisə | Baxış sayı: 277
Bıçaq (arxiv)
Bıçaq (arxiv)

Yaralı yeniyetmə xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib

Xızının Şurabaq qəsəbəsində iki yeniyetmə arasında şəxsi zəmində baş vermiş mübahisə sonda birinin ölümünə, o birinin də həbsinə səbəb olub.

İstiPress-in şimal bürosunun əldə etdiyi məlumata görə, 2003-cü il təvəllüdlü yeniyetmə 2004-cü il təvəllüdlü digər yeniyetmə tərəfindən 5 bıçaq zərbəsi ilə öldürülüb (Yetkinlik yaşına çatmadıqlarından ölən və öldürənin adları açıqlanmır).

Məlumat əsasında Xızı prokurorluğunun və polis şöbəsinin əməkdaşıarı hadisə yerinə gələrək araşdırmalara başlayıblar. İlkin araşdırma nəticəsində yeniyetmənin həmkəndlisini ehtiyatsızlıqdan öldürdüyü  ehtimal edilsə də, sonra məlum olub ki, hadisə qəsdən törədilib.

Bu səbəbdən Xızı rayon prokurorluğunda CM-nin 126.3 maddəsilə açılan cinayət işi 120.1 maddəsilə əvəzlənib. Hadisəni törədən Şurabad qəsəbə sakini olan yeniyetmə şübhəli şəxs qismində saxlanılıb. Onun qəsəbə məktəbinin 10-cu sinfində təhsil aldığı deyilir.

Onun bıçaq zərbəsilə qətlə yetirdiyi gənc isə xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.