Şəkidə attraksiondan yıxılan qıza görə cinayət işi açıldı

17 Sentyabr, 2019 16:22 | Hadisə | Baxış sayı: 102
Attraksion
Attraksion

Təqsirli şəxslər müəyyən ediləcək

Şəkidə yeniyetmə qızın attraksiondan yıxılması faktı ilə bağlı cinayət işi başlanıb. Baş Prokurorluğun Mətbuat xidmətinin böyük prokuroru Kənan Zeynalovun sözlərinə görə, 2003-cü il təvəllüdlü Xəyalə Durmuşova Şəki rayonundakı M.F.Axundov adına istirahət parkında attraksiondan yıxılaraq bədən xəsarətləri alıb. Bu faktla bağlı Şəki rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 314.1-ci (səhlənkarlıq) maddəsi ilə cinayət işi başlanıb.

"İş üzrə hadisə yerinə baxış keçirilməklə şahidlər dindirilib və müvafiq ekspertizalar təyin olunub", - deyən K. Zeynalov əlavə edib ki, hazırda iş üzrə bütün xüsusatlar tam və hərtərəfli araşdırılmaqla təqsirli şəxslərin müəyyən olunaraq əməllərinə hüquqi qiymət verilməsi təmin ediləcək.

Xatırladaq ki, ağır bədən xəsarətləri alan yeniyetmə dərhal Şəki Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Müayinə olunan yaralıya çanaq sümüklərinin sınığı və sidik kisəsinin partlaması diaqnozu qoyulub. /sputnik/