Almaniyada azərbaycanlı özünü yandırdı

17 Sentyabr, 2019 11:50 | Hadisə | Baxış sayı: 97
Özünü yandıran şəxs
Özünü yandıran şəxs

Adı açıqlanmayan kişi geri qaytarılacağını eşidibmiş

Keçən həftə Azərbaycandan olan 34 yaşlı bir miqrant, Reynland-Pfalts federal əyalətindəki Hermesskail şəhərində üstünə tez alışan maye tökərək özünü yandırıb. Adı açıqlanmayan azərbaycanlı ağır yanıq xəsarəti alıb və ağır vəziyyətdə ixtisaslaşmış xəstəxanaya çatdırılıb. Bu barədə Almaniyanın PR Online - Volksfreund nəşri  yazıb.

Nəşrin informasiyasına əsasən, bu kişi Avropaya üç il əvvəl gəlib. O vaxt onun arvadı və iki uşağı Azərbaycanda qalıb. O, orada yerləşəndən sonra onları da öz yanına aparmağı planlaşdırıbmış.

Nəşr yazır ki, Almaniyaya getməzdən əvvəl o, üç ili Fransada qaçqın düşərgəsində keçirməli olub. Bu günlərdə isə Almaniyanın hakimiyyət orqanlarından yenidən Fransaya-eyni düşərgəyə deportasiya ediləcəyi barədə bildiriş alıb. Onu tanıyanların sözlərinə görə, bundan sonra kişi ümidsizliyə qapılıb və intihar etmək qərarına gəlib.

Yerli jurnalistlər və hüquq müdafiəçiləri bildirirlər ki, özünü yandırmaq Almaniya sığınacaq qanunlarının sərtləşməsinin nəticəsidir.

Onlar həmçinin qeyd edirlər ki, Almaniyada qaçqınların qəbulu mərkəzlərində vəziyyət xeyli pisləşib: insanlar orada aylarla, bəzən illərlə yaşayırlar. Onların işləmələrinə icazə verilmir və təhsildən istifadə imkanları yoxdur. Deportasiya onları hər an təhdid edir. Bütün bunlar miqrantları ən son vasitələrə əl atmaq məcburiyyəti ilə üz-üzə qoyur.

Hakimiyyət nümayəndəsi Begona Hermanın sözlərinə görə, bu düşərgədə ayda 1-2 intihar cəhdi qeydə alınır.  Bu düşərgənin açıldığı gündən səkkiz intihara cəhd olub. O, etiraf edib ki, bu düşərgədə çox az sayda birotaqlı yerlər var və mühacirlərin, demək olar, heç bir şəxsi həyatları yoxdur. Əksər hallarda burada bir otaqda 6-8 nəfər yaşayır.

Alman nəşri SWR-in yazdığına görə, bu qaçqın düşərgəsinin sakinləri 11 sentyabrda baş verən hadisədən şoka düşüblər. Hazırda düşərgədə qaçqınlara kömək edən və düşərgə işçilərini izləyən bir çox pastor var./virtualaz/