“28 Mall”un partlayacağını dedi, özünü tutdular

16 Sentyabr, 2018 14:14 | Hadisə | Baxış sayı: 208
28 Mall
28 Mall

İkinci qrup əlil olduğunu deyən rayon sakinin qəribə hekayəsi

Ağdaşdan paytaxta iş axtarmağa gələn Rəvan Fətəliyev gündüzlər “28 Mall” ticarət mərkəzində dolaşıb, gecələr isə Səməd Vurğun bağındakı oturacaqlarda yatıb. Bir neçə gün sonra, taksofondan DİN-in 102 xidmətinə zəng vuraraq “28 Mall”a dostu tərəfindən bomba qoyulduğunu, partlayış olacağını deyib. Əməliyyat-istintaq qrupu yaradılıb, polis əməkdaşları Rəvanı elə “28 Mall”un çıxışında yaxalaylblar.

İstiPress-in məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində terrorçuluq barədə yalan xəbər verməkdə ittiham olunan Ağdaş rayon sakini, 34 yaşlı Rəvan Fətəliyevin cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

Aydın olub ki, R.Fətəliyev 4 aprel 2016-cı ildə DİN-in 102 xidmətinə zəng vuraraq Azadlıq prospektində yerləşən “28 Mall” ticarət mərkəzindəki “Bazarstore” mağazasına partlayıcı qurğu qoyulması barədə məlumat verib. Araşdırmalar nəticəsində məlumatın yalan olması müəyyən olunub.

Nizami rayon məhkəməsi tərəfindən R.Fətəliyevə qarşı Cinayət Məcəlləsinin 216-cı (terrorçuluq barədə bilə-bilə yalan məlumat vermə) maddəsi ilə ittiham irəli sürülüb. Barəsində həbs qətimkan tədbiri seçilib.

Məhkəmədə dindirilərkən R.Fətəliyev ona elan olunan ittihamla özünü təqsirli bilib, əməlindən peşman olduğunu deyib.

Məhkəmənin hökmünə əsasən, R.Fətəliyev 2 il 2 ay müddətinə azadlıqdan məhrum edilib. Həbsdə olduğu və psixiatriya stasionarında məcburi müalicə aldığı müddətlər əsas cəzaya daxil edildiyindən cəzası çəkilmiş hesab edilib.