Bayıl yenə sürüşdü

16 May, 2018 11:00 | Hadisə | Baxış sayı: 85
Sürüşmə zonası - Bayıl, Bakı
Sürüşmə zonası - Bayıl, Bakı

2 ev dağılıb, 20-i təhlükədədir

Sürüşmə zonası hesab edilən Bayılda vəziyyət yenidən gərginləşib.  Səbail Rayon İcra Hakimiyyəti Bayıldakı sürüşmə ilə bağlı açıqlama yayıb. May ayının 15-də saat 20-00 radələrində Səbail rayonu, Bayıl yaşayış sahəsi, Buxta küçəsində yeralti prosseslərin təsiri ilə torpaq sürüşməsi baş verib, bu zaman 2 fərdi yaşayış evi tam, 2-si isə qismən dağıntılara məruz qalıb. Daha 20 fərdi ev də təhlükəli ərazidədir.

Bildirilib ki, bu ərazidəki mövcud yaşayış və digər tikililər hələ Sovet hakimiyyəti illərində, əsas etibarı ilə keçən əsrin 50-ci illərində tikilib. Onların əksəriyyəti 1 mərtəbəli, möhkəm təməli olmayan, uzun illər istismar olunduğundan resursları tükənmiş evlərdir. Evlərin böyük əksəriyyəti Səbail Mənzil Kommunal Təsərrüfatı Birliyinin balansındadır.

Bir qədər əvvəl sakinlərin müraciətləri əsasında ərazidəki tikililərin vəziyyəti ilə bağlı Rayon İcra Hakimiyyəti və Fövqəladə Hallar Nazirliyinin mütəxəssisləri tərəfindən araşdırmalar aparılıb, binaların qəzalı və təmirə yararsız olması ilə bağlı rəy verilib. Rayon İcra Hakimiyyəti tərəfindən məsələ ilə bağlı Nazirlər Kabinetinə müraciət olunub.

Xatırladaq ki, Bayıldakı sürüşmə prossesləri ilə bağlı artıq qəzalı vəziyyətdə olan Buxta küçəsi 9 ünvanında yaşayan ailələr köçürülüblər. Mayın 15-də isə həmin təhlükəli ərazidən daha bir neçə evin sakinləri köçürülüb. Ümumilikdə isə Buxta küçəsindəki təhlükə yaranmış ərazidən 22 ailə (55 nəfər) köçürülüb, əraziyə nəzarət olunması üçün polis postları qoyulub, xəsarət alan yoxdur. Ərazidə araşdırmalar aparılır.