Bakıda ata 9 yaşlı uşağını xəstəxanalıq etdi

16 Aprel, 2019 11:55 | Hadisə | Baxış sayı: 50
Döyülmə
Döyülmə

158 nömrəli məktəbin şagirdi sığınacağa yerləşdirilib

Bakının 158 nömrəli tam orta məktəbinin şagirdi döyülərək xəsarət alıb. Məlumata görə, 3-cü sinif şagird müəllimə müraciət edərək ayaqlarının ağrıdığını bildirib. Şagirdin bədəninə baxış keçirilən zaman müəyyən edilib ki, onun hər iki ayağının yuxarı nahiyəsində çoxsaylı göyərmələr var. Şagird bildirib ki, evdə atası tərəfindən döyülüb və bu səbəbdən xəsarətlər alıb.

Uşağın müayinəsi məqsədilə təcili-tibbi yardıma müraciət olunub və azyaşlı xəstəxanada həkim nəzarətindən keçirilib.

Operativ olaraq faktın araşdırılması və zəruri qanuni tədbirlərin görülməsi üçün hüquq-mühafizə orqanlarına və Yetkinlik Yaşına Çatmayanların İşləri və Hüquqlarının Müdafiəsi üzrə Komissiyaya  müraciət olunub.

Şagirdi Azərbaycan Uşaqlar Birliyinin sığınacağına yerləşdirilib. Atası tərəfindən döyülən məktəblinin xüsusilə ayaqlarında qançır izləri var, aldığı xəsarətlərdən sonra yeriməkdə çətinlik çəkir. Birliyin rəhbəri Kəmalə Ağazadə bildirib ki, dünən gecə xəstəxanadan sığınacağa gətirilən 9 yaşlı uşağın psixoloji durumu pisdir. Onun sözlərinə görə, məktəbdə fəaliyyət göstərən ASAN könüllüləri uşağın yeriməkdə çətinlik çəkdiyini görüb və bu barədə direktoru məlumatlandırıblar. Uşağın bədənində xəsarət izi aşkarlandığından dərhal təcili tibbi yardım çağırılıb, ərazi polis idarəsinə müraciət edilib. Faktla bağlı araşdırmaya başlanıb, uşaq və anasının təhlükəsizliyinin təmin edilməsi məqsədilə hər ikisini sığınacağa yerləşdiriblər.