Bakıdakı dəhşətdən iki il sonra intihar etdi - FOTO

16 Mart, 2017 17:45 | Hadisə | Baxış sayı: 1836
Mövlud Mövludun intihar etdiyi yer
Mövlud Mövludun intihar etdiyi yer

Sevinc Mövlud üçün özünü fəda etsə də, Mövlud ölümü seçdi

Qorxu, dəhşət... Evin hər iki tərəfi yanırdı. Amma ən çox ümid, xilas olacağımıza inam hiss edirdim. Ağlımda bircə şey var idi, Mövlud üçün sağ qalmalıyam. Həyəcanla dua edirdik, su içirdik, Ucalı qoruyurduq ki, tüstünü udmasın. Nə bilim... Anam məni və Ucalı yaşatmağa çalışırdı, mən onları. Bir tərəfdən də bayırda səni gözləyən sevdiklərin üçün sağ qalmaq üçün mübarizə aparmaq... Dəhşət idi.

İstiPress-in məumatına görə, bunu intihar edən 28 yaşlı yazar Mövlud Mövludun (Mövlud Abdullayev) həyat yoldaşı Sevinc Fədai 2015-ci ildə may ayının 19-da Binəqədi rayonunda binada baş verən güclü yanğın barədə yeri KİV-ə danışarkən deyib.

Yanğın zamanı Mövlud da binada olub. Oğlu Ucal yeni dünyaya gəlmişdi. S.Fədai deyir ki, yanğın təzə başlayan vaxt bir neçə dəfə Mövludla danışıb, ağlayırdı, bağırırdı:

“Çarəsiz idi. Anam da, mən də o bir neçə saat ərzində ağlamamışdıq. Amma Mövludun adını ağzımıza alanda bizi ağlamaq tuturdu. Sonra bizimlə danışmırdı deyə, elə bilirdik ki, ona nəsə olub artıq. Mövlud deyirdi ki, elə bilirdim, siz orada yanırsız, sənin o vəziyyətdə səsini eşitməyə dözməzdim, ona görə danışmırdım. Biz də yanğının ortasında özümüzlə bərabər, Mövlud üçün də dua edirdik. Çox narahat idim ona görə...”.

Gənc ailə ölümün ağuşundan möcüzə nəticəsində xilas ola bilsə də, iki il sonra Mövlud ölümün qucağına özü getdi. Onun niyə intihar etdiyi hələ də bilinmir. S.Fədai yanğın zamanı Mövlud üçün, sevdiklərim üçün yaşamalıyam - demişdi. Mövlud isə Sevinc üçün, sevdikləri üçün yaşamağı gözə almadı.

Mövlud Mövlud və Sevinc Fədai
Mövlud Mövlud və Sevinc Fədai

Hansısa sirləri göyə uçurub hamıdan gizlətmək yolunu seçən Mövlud Mövlud kimdir?

Abdullayev Mövlud İsmayıl oğlu 1989-cu ildə Qərbi Azərbaycanda dünyaya gəlib. Daha sonra ailəsi Qərbi Azərbaycandan gəlib Qazax rayonunda yaşamağa başlayıblar.

Mövlud uzun müddət idi ki, Bakıda kirayədə yaşayırdı. O, qısa müddətdə ölkədə publisistik və köşə yazıları ilə tanınmağa başladı. Çoxları onu Azadlıq Radiosunun "OxuZalı"nda çap olunan və müzakirələrə səbəb olan yazıları tanıdı.

Mövludun ölümü yaxınları, sevdikləri ilə yanaşı, bir sıra tanınmış insanları da sarsıtdı. Azərbaycanın millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri, akademik Kamal Abdulla onun haqqında təsirli yazı qələmə aldı. “On yeddi mərtəbə bəlkə də on yeddi saniyə deməkdir”, yazan Kamal Abdulla onun intihar səbəbini başa düşə bilmir.

Millət vəkili Sabir Rüstəmxanlı da gənc yazarın niyə intihar yolunu seçdiyini sual edir. Millət vəkilinin İstiPress-ə verdiyi məlumata görə, bu yaxınlarda Mövlud ona zəng edib.

“İstedadlı gənc idi. Bu yaxınlarda mənə zəng etmişdi. Demişdi ki, vaxt edib tezliklə görüşək”, - S.Rüstəmxanlı bildirdi.

Mövludun dostu Samir Əsədli isə gülərüz, şən olan dostunun intihar etdiyinə inana bilmədiyini dedi: “Tez-tez görüşürdük. Çox şən idi. Zarafat edirdik, deyib gülürdük. Problemləri olduğunu demirdi. Ona görə də niyə intihar etdiyini başa düşə bilmirəm.”

Mövlud Mövlud intihar etdiyi binanın yaxınlığındakı beşmərtəbəli binanın ikinci mərtəbəsində kirayə yaşayıb. Xanımı tanınmış yazar Sevinc Fədai ilə bir müddətdir ki, ayrı yaşadıqları bildirilir.

Qonşuların dediyinə görə, Mövlud uzun müddət imiş ki, tək yaşayırmış. Həmin gün də evə tək gəlib. Musavat.com-un məlumatına görə, yaşadığı mənzilin qapısına iki ürək şəkili vuran gənc yazar daha sonra yaxınlıqdakı 17 mərtəbəli binaya gedib.

Binanın mühafizə xidmətində çalışan şəxslər deyir ki, həmin saatda binaya girən şəxsi görməyiblər. Ancaq saat 2 radələrində binanın yuxarı mərtəbələrindən birindən yerə nəsə düşdüyünü görüblər. Binanın qarşısına yaxınlaşadıqdan sonra hadisənin intihar olduğunu biliblər.

Mərhumun meyiti hadisə yerindən aparılarkən cibindən düşən bəzi əşyaları orada qalıb.

Gənc yazarın kirayədə yaşadığı mənzilinin açarı, xırda pul əsginasları və alışqanı hadisə yerində qalıb. Mühafizəçilər həmin əşyaları aidiyyəti üzrə təhvil vermək üçün saxladıqlarını deyirlər.

İntiharla bağlı Binəqədi rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanılıb.

Yazarın bir neçə əlyazmasını oxuculara təqdim edirik:

Əzab çəkirəm, aşkım!

Gözəl anam, biricik aşkım!

Niyə belə oldu? Kim idi günahkar? Kimlər idi bütün bu baş verənlərin səbəbkarı?

Hardan, necə, kimdən başlayacağımı bilmirəm. 1993-cü ildə Etibar Məmmədovun Elçibəyə oxuduğu “Qətnamə”dənmi?

2000-ci ildə Əbülfəz bəy Türkiyədə can çəkişərkən onun xəstəliyi ilə bağlı ən iyrənc şayiələr yayanlardanmı?

Atamın gözümüzün qabağında sənin başını həyət darvazasına çırpmağındanmı?!

***

Axır ki, “zəhmət”im bəhrəsini verdi. Budur, artıq böyrəklərim sözümə baxmır. “UZİ”yə düşdüyüm gün həkim üzünü mənə tutub “qaqam, deyəsən, “vurmaq”la aran yaxşıdı”, - demişdi. Onda sən əllərini dizinə çırpıb “Allah, məni öldür”,- deyəndə utandım. Çox utandım. 23 illik avara və sərgərdan həyatımda sənə bir xoş gün yaşatmamışam. Ömrün boyu bu “ciqan” oğlunun üstündə tənə eşidib, göz yaşı tökmüsən. Müəllimlərim, qonşular, qohumlar, tanış-biliş - hamı məndən sənə şikayət edib.

Yadındamı? Bir dəfə evə dəm gəlmişdim. Mətbəxin qapısında, əlin qoynunda dayanıb mənə baxmağını hələ də unuda bilmirəm. Baxışlarından “nə olacaq balamın axırı?” oxunurdu.

Gərək məni bağışlayasan, mamaşa! Sənə nümunəvi oğul ola bilmədim, bir xoş gün yaşada bilmədim. Təzə-təzə içməyə başlayanda məni qabağına qoyub, “atanızdan çəkdiklərim bəsdir, sən də içsən, yazıq olaram” demişdin. Yalvarmışdın mənə, içməyim deyə.

Uşaqlıq əhvalatlarını unuda bilmirəm; evdəki dava-şavalar, aşırılan stollar, qırılan qab-qaşıq, ağlaşmalar...

Atam evə yenə sərxoş gəlmişdi. Bir bəhanə tapıb səni döydü. Saçlarından sürüyüb həyətə çıxarmağı, atanın goruna söyə-söyə başını həyət qapısına döyməyi indi də gözümün qabağına gələndə tıncıxıram.

O gündən kəkələməyə başladım, indi də o səhnə gözümün önünə gələndə bütün bədənim əsir. Mən o günü heç vaxt unutmayacam, mamaşa!

Qohumlarımız mənim pis oğul olduğumu deyirlər. Mənə görə utanırsan, bilirəm. Hər dəfə qohum əqrəbaların evindən gələndə bir yığın “ultimatum”la gəlirsən: “Mövluda de araqdan yazmasın”, “Mövluda de, müxalifətçilərlə oturub-durmasın”, “Mövluda de içməsin”…

Nadan yığınına fikir vermə, gözəl qadın! Sənin oğlun dərdli adamdı. Hələ də bu üzüboz şəhər onun həssaslığından bir qırıq qopara bilməyib. Hələ də ayağı qırılmış at üçün səhərə qədər ağlaya bilərəm.

Sən canın dəymə, qoy bu gün içim, qurban olum sənə, gözəl anam.

***

Əvvəllər yazılarımı kəsib saxlayırdın. Amma indi əksinə, onları it-bata salırsan ki, atamın əlinə keçməsin. Deyirsən, tərbiyəsiz yazıram - “Araq belə gəldi, nəşə belə getdi.” Yaxşı, bir də yazmaram. Sənə qurban olaq - mən də, yazılarım da...

Qoy bunu da içim, daha içməyəcəm.

Məndən narahatsan, bilirəm. Mənə görə çox qorxursan. Üstümdə əsirsən. Qorxma, mamaşa, qorxma, Allah sənə görə dəyməz mənə.

Saçın tökülür, ağarır, üzün qırışır, gözlərindən kədər yağır. Hər dəfə sənin gözlərinə baxanda elə bilirəm ayaqlarımı, əlimi bədənimdən kəlbətinlə dartıb çıxarırlar. Əzab çəkirəm, aşkım, əzab çəkirəm! Dəymə, sən canın, qoy bu gün bir az içim.

Atamla sevib evlənmisiniz. Bilirəm, bu yaşınızda da bir-birinizi Leyli-Мəcnun kimi sevirsiniz. Səni həm sevən, həm də əzab verən atamın üstündə bütün qohum-əqraba səni danlasa da içən, dalaşqan bir kişiyə getdiyinə görə suçlasa da, sən yenə öz sevgilinin namını heç kimə vermədin.

***

Öhö...öhö...öhö... Yaxşı, boynuma alım, siqaret çəkirəm. Amma atacam, аtova atacam, narahat olma, ömrüm-günüm, gəl öpüm, gəl, qurban olum, mənim biricik aşkım.

Yaxşı, sil gözünün yaşını, get, yat. Mən də indi gedirəm yatmağa...

***

Hamının günahı var, hamının! Qətnaməni “Fatihə” kimi oxuyanlardan tutmuş, “Fatihə”ni Qətnamə kimi oxuyanlara... Hamının günahı var!