Bakı metrosunda qorxulu anlar

15 Noyabr, 2017 15:55 | Hadisə | Baxış sayı: 367
Bakı metrosu
Bakı metrosu

"Bu gün səhər saatlarında metronun “Xalqlar Dostluğu” stansiyasında 54 yaşlı qadının relslərin üstünə düşməsi sırf ehtiyatsızlıq üzündən olub". 

İstiPress-ə bu barədə “Bakı metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev bildirib. 

Onun sözlərinə görə, qadının relslərin üstündən qaldırdıqdan sonra təcili yardım çağrılıb və o, xəstəxanaya yola salınıb: "Xilas olduqdan sonra qadının vəziyyəti elə də pis deyildi", - deyə Nəsimi Paşayev vurğulayıb.    

Bu gün səhər saatlarında metronun “Xalqlar Dostluğu”- “Dərnəgül” istiqamətində hərəkət edən qatarların hərəkətində 5-6 dəqiqəyədək interval yaranıb. Sərnişin sıxlığından vətəndaşlar yenə də vaqonlara minməkdə çətinlik çəkiblər.

Buna səbəb səhər 08:18 radələrində vətəndaşın qəfildən relslərin üzərinə yıxılması olub. Belə ki, 1963-cü il təvəllüdlü Sevda Osmanova “Xalqlar Dostluğu” stansiyasında qatar olmayan vaxtda relslərin üstünə yıxılıb. Metro əməkdaşlarının və sərnişinlərin işarəsiylə qatar stansiyaya daxil olanda maşinist saxlayıb, qadını oradan çıxarıblar.