Kiyevdə vəhşicəsinə öldürülən azərbaycanlının qətli ilə bağlı nota

15 Oktyabr, 2019 13:25 | Hadisə | Baxış sayı: 1037
Cavid Hacıyev
Cavid Hacıyev

23 yaşlı gənci öldürən Əli Abdullayevin barəsində beynəlxalq axtarış elan edilib

Bir neçə gün öncə Kiyevdə Azərbaycan vətəndaşı Cavid Hacıyevin qətlə yetirilməsi faktı ilə əlaqədar olaraq Ukraynanın hüquq-mühafizə orqanlarına nota göndərilib.

Bu barədə Azərbaycanın Ukraynadakı səfirliyindən bildiriblər.

Səfirlikdən verilən məlumata görə, cinayəti törətməkdə şübhəli bilinən Əli Abdullayevin tezliklə tutularaq məhkəmə qarşısına çıxarılması üçün beynəlxalq axtarış elan edilib, əməliyyat-axtarış tədbirləri və işin gedişatı səfirliyin tam nəzarətində saxlanılır.

Xatırladaq ki, oktyabrın 6-da Kiyevdə vəhşicəsinə öldürülən 23 yaşlı Cavid Hacıyev Əməkdar incəsənət xadimi, bəstəkar Telman Hacıyevin nəvəsidir.  Cavidin anası isə Bakı Musiqi Akademiyasının professoru, Bəstəkarlar İttifaqının Rəyasət heyətinin üzvü Mina Hacıyevadır. 

Almaniyada təhsil alan Cavid Hacıyev Azərbaycan İqtisad Universitetində tələbə yoldaşı olmuş Əli Abdullayev tərəfindən Kiyev şəhərinə qonaq çağırılıb. C.Hacıyev dostunun dəvətini qəbul edərək həmin şəhərə gedib. 

O, dostu Ə.Abdullayevlə şəhəri gəzib dolaşdıqdan sonra elə onun kirayə etdiyi mənzildə yatdığı yerdə öldürülüb. Ə.Abdullayev onu küt alətlə öldürüb, sonra kürəyindən üç bıçaq zərbəsi vurub, daha sonra isə meyitin üzərində qəddarlıqlar edib.

O, meyitin qoxusunun gəlməməsi üçün cəsədin üzərinə kofe, yağ, benzin töküb. Hətta əlil arabası da sifariş verib, evdə olan balta və benzo-pila ilə meyiti doğrayaraq mənzildən çıxarmaq istəyib. Bunun üçün cəsədi hamama aparıb, lakin fikrini dəyişib, onu yandırmaq istəyib, bu da alınmadıqda qaçıb. Cəsəd mənzildə 3-4 gün qalıb, qoxu gəldiyini hiss edən qonşular polisə şikayət ediblər. Polislər həmin mənzilə gəlib C.Hacıyevin qətlə yetirildiyinin şahidi olublar.

Ə.Abdullayev dostunu Ukraynaya, oradan da Avropa turuna dəvət edən zaman Cavid artıq Frankfut-Bakı təyyarə reysi üçün bilet alıbmış. Əli israrla ona bileti dəyişdirdib və Kiyevdə gəzməyə gəlməyə razı salıb. 
C.Hacıyevin itkin düşməsi xəbəri yayılanda Əlinin qardaşı onun ailə üzvlərinə deyib ki, özü gedib onları tapacaq. O tək Kiyevə yollanıb, iki saatlıq Borispil aeroportunda olub və kiməsə bir çamodan verərək geri qayıdıb. Cavidin anasına isə deyib ki, anası xəstələndiyindən təcili geri qayıtmalı olub. 

Hazırda Ə.Abdullayevin Moldovaya qaçaraq gizləndiyi ehtimal olunur.  

C.Hacıyevlə Əli Azərbaycan İqtisad Universitetində tələbə yoldaşı olublar. Birinci kursda Ə.Abdullayev universitetdən qovulub. Ə.Abdullayevin əksər şəkillərində əli ilə altı (şestyorka), yəni satanistlərin işarəsini göstərib. Eyni zamanda köynəyinə yazılan yazı da satanizmi aşılayır. 

Ə.Abdullayev "Altes Qrup"un prezidenti Rüstəm Abdullayevin qardaşı oğludur.