Qubada oğul ata qatili oldu

15 Fevral, 2020 09:23 | Hadisə | Baxış sayı: 282
Cinayət
Cinayət

19 yaşlı gənc Rusiya vətəndaşı olan atasını öz evində bıçaqlayıb

Qubanın Birinci Nügədi kəndində qətl hadisəsi  baş verib. İstiPress-in Şimal bürosunun məlumatına görə, bu barədə səhər 06.30 radələrində Quba rayon polis şöbəsinin növbətçi hissəsindən rayon prokurorluğuna məlumat daxil olub. Dərhal rayon prokuroru Elman Süleymanov, Baş Prokurorluğun Ağır Cinayətlərə dair İstintaq İdarəsinin Kriminalistika şöbəsinin prokuroru İlqar Babayev, prokurorluğun müstəntiqi Təqan Vəliyev və polis əməkdaşları hadisə yerinə gediblər.

Birinci Nügədi kəndində Bəşarət Ramazan oğlu Şükürova məxsus evdə onun üzərində çoxsaylı kəsilmiş-deşilmiş yaraları və zorakılıq əlamətləri olan meyitinə baxış keçirilib. Mərhumun meyiti tibbi ekspertiza olunmaq üçün Məhkəmə Tibb Ekspertizası və Patoloji Anatomiya Birliyinin Quba rayon şöbəsinə aparılıb.

Hüquq-mühafizə orqanları əməkdaşlarının ilkin araşdırması zamanı məlum olub ki, Rusiya vətəndaşı olan 61 yaşlı Bəşarət Şükürovu öz doğma oğlu, 19 yaşlı Mətləb Şükürov bıçaqlayaraq qəsdən öldürüb. Oğulun əvvəllər də atası ilə münaqişədə olduğu və axşam saatlarında yenidən aralarında baş verdiyi mübahisə və münaqişə zəminində atasına üzərində gəzdirdiyi cib bıçağı ilə  bir neçə dəfə xəsarət yetirdiyi deyilir. Atasının həyatına son qoyan 19 yaşlı oğul Mətləb Şükürov isti izlərlə şübhəli şəxs qismində tutularaq rayon prokurorluğuna təhvil verilib.

Mətləb Şükürov barəsində Quba rayon prokurorluğunda CM-,nin 120.1 -qəsdən adam öldürmə maddəsilə cinayət işi açılıb. Ata qatili olmaqda şübhəli bilinən oğulun istintaqı başlanılıb.