Azərbaycanda nazir müavini oğlunun faciəli ölümü

15 Fevral, 2018 16:48 | Hadisə | Baxış sayı: 506
Anar Mirzəyev
Anar Mirzəyev

AFFA-nın mərhum prezidenti, dünyasını dəyişəndə sənaye və energetika nazirinin müavini olmuş Ramiz Mirzəyevin oğlu Anar Mirzəyev  bu gecə Sabirabad rayonunda avtomobil qəzasında dünyasını dəyişib.

İstiPress-in məlumatına görə, bu gün səhərə yaxın Sabirabad rayonunun Həşimxanlı kəndinin çöllük ərazisində içində Anar Mirzəyevin də olduğu  Jeep” markalı minik avtomobili su kanalına aşıb. “Jeep”in içərisində olan üç nəfər sərnişindən ikisi də xilas olub, lakin sürücü – 1983-cü il təvəllüdlü Anar Mirzəyev boğularaq ölüb.

Bu barədə Sabirabad rayon hüquq-mühafizə orqanlarından məlumat verilib. Məlumata görə, A.Mirzəyev gecə saatlarında iki əmioğlusu ilə birgə su kollektoruna balıq tutmağa gəlib. Lakin avtomobilin düzgün park edilməməsi nəticəsində maşın suya düşüb. A.Mirzəyevin qohumları sudan sağ-salamat çıxa biliblər. Avtomobilin qapısı bloklanıb, pəncərədən çıxmağa isə A.Mirzəyevin cüssəli olması maneçilik törədib. Bu səbəbdən də bədbəxt hadisə baş verib.

Bu gün səhər saatlarında Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürən-xilasediciləri A.Mirzəyevin cəsədini deformasiyaya uğramış nəqliyyat vasitəsindən çıxarıb, aidiyyəti üzrə təhvil veriblər. Mirzəyev “Lider Cola” şirkətinin Bakı nümayəndəliyinə başçılıq edib.

Ramiz Mirzəyev və mərhum prezident Heydər Əliyev
Ramiz Mirzəyev və mərhum prezident Heydər Əliyev

Anar Mirzəyev bu gün doğulduğu Tovuz rayonunun Dondar Quşçu kəndində atası Ramiz Mirzəyevin yanında dəfn olunub. Ramiz Mirzəyev 1997-ci ildən 2006-cı ilə qədər "Azneftyağ"ın direktoru işləyib. 2006-cı ildə sənaye və energetika nazirinin müavini təyin olunub. 2003-cü ildən isə AFFA prezidenti postunu tuturdu. Ramiz Mirzəyev Bakının Xətai rayonundan hakim partiyanın namizədi kimi deputat da seçilmişdi. 2007-ci ildə o, xərçəngdən vəfat edib. 

Allah rəhmət eləsin!