General-leytenant “EuroHome”dakı yanğına görə müşavirə keçirdi

14 Dekabr, 2019 13:30 | Hadisə | Baxış sayı: 49
"EuroHome”da yanğın
"EuroHome”da yanğın

Müşavirədə tikinti materialları bazarındakı alovun söndürülməsi müzakirə edilib

FHN-in Dövlət Yanğından Mühafizə Xidmətində nazir müavini general-leytenant Etibar Mirzəyevin iştirakı ilə 10 dekabr tarixində “EuroHome” tikinti materialları bazarında baş vermiş yanğının söndürülməsinin müzakirəsinə həsr olunmuş əməliyyat müşavirəsi keçirilib.

Xidmətin (DYMX) rəisi daxili xidmət general-mayoru Füzuli Əsədov ümumilikdə xidmətin təşkili, şəxsi heyətin döyüş və peşə hazırlığının daha da yüksəldilməsi, baş vermiş yanğınların daha az itkilərlə qarşısının alınması və operativ söndürülməsi istiqamətində həyata keçirilən tədbirlər haqqında məlumat verib.

DYMX-nin rəis müavini polkovnik Rza Xudiyev bildirib ki, mürəkkəb yanğınlar kateqoriyasına aid edilən bu yanğının söndürülməsi təlimata uyğun qaydada təşkil edilib, itkilərin minimuma endirilməsi məqsədilə bütün mümkün tədbirlər görülüb.

Etibar Mirzəyev də tikinti materialları bazarındakı yanğının söndürülməsi zamanı Dövlət Yanğından Mühafizə Xidmətinin fəaliyyətini bütövlükdə müsbət qiymətləndirib, bununla belə, şəxsi heyətin peşə, döyüş və fiziki hazırlığının daha da artırılması, intizamın gücləndirilməsi, yanğın texnikalarının təmiri və istismarının təşkili, müqavilə əsasında yanğından mühafizəsi təşkil edilən obyektlərdə  profilaktik tədbirlərin həyata keçirilməsi, yanğından mühafizə işinin daha da səmərəli həyata keçirilməsi və s. istiqamətlərlə əlaqədar tapşırıqlar verib.

Həmçinin, nazir müavini qarşıdan gələn Yeni il bayramı ilə əlaqədar yanğın təhlükəsizliyi tədbirlərinin gücləndirilməsinin və yanğından mühafizə işinin səmərəliliyinin daha da artırılmasının vacibliyini vurğulayıb.