Bakıda sərnişinlər olan avtobus KİA-ya çırpıldı, yaralılar var

14 Dekabr, 2019 11:06 | Hadisə | Baxış sayı: 140
Avtobus qəzası
Avtobus qəzası

Uşaqların da yaralandığı qəzaya səbəb sürücüsünün sükan arxasında yatması olub

Bakıda marşrut avtobusu qəzaya uğrayıb. Hadisə Suraxanı rayonu, "Əfsun" şadlıq sarayının yanında qeydə alınıb. 

Səhiyyə Nazirliyindən verilən məlumata görə, 104 saylı marşrut avtobusunun qəzaya uğraması barədə məlumat təcili yardıma saat 08:45-də daxil olub. Hadisə yerinə 4 təcili tibbi yardım avtomobili gedib. Qəza nəticəsində ikisi azyaşlı olmaqla 6 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri ilə 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib. Onlara lazım olan yardım göstərilib və müalicələri davam edir.

Bakı Nəqliyyat Agentliyi marşrut avtobusunun qəzaya uğraması ilə bağlı məlumat yayıb. Agentlikdən verilən məlumatda bildirilir ki, bu gün səhər saat 09:00 radələrində Suraxanı qəsəbəsi “Daş yol” adlanan küçədə yol nəqliyyat hadisəsi baş verib. KİA markalı minik avtomobili əks hərəkət istiqamətinə çıxaraq 104 nömrəli müntəzəm marşrut xətti üzrə (Dövlət Qeydiyyat Nişanı 90 OJ 542) sərnişin avtobusu ilə toqquşub. 104 nömrəli müntəzəm marşrut xətti üzrə daşıyıcı Nazim Qəhrəmanovun veriyi məlumata əsasən, hadisə zamanı avtobusda olan sərnişinlərdən bir neçəsi yüngül xəsarət alıb.

Şahidlərin sözlərinə və ilkin araşdırmalara görə hadisəyə səbəb KİA markalı minik avtomobili sürücüsünün sükan arxasında yuxulaması olub.