Yeniyetmə qonşusunu ov tüfəngi ilə öldürdü

14 Oktyabr, 2018 09:34 | Hadisə | Baxış sayı: 237
Ov tüfəngi
Ov tüfəngi

İcazəsiz götürülmüş tüfəng qətlə səbəb oldu

Şabran rayonunun Zeyvə kəndində ehtiyatsızlıqdan qətl törədilib.

İstiPress-in şimal bürosunun məlumatına görə, kənd sakini, 15 yaşlı Elçin Gülbaba oğlu Bağırov ov tüfəngilə 18 yaşlı Mahir Məmmədi oğlu Şıxəliyevə atəş açaraq onu öldürüb.

Hadisənin təfərrüatı isə belə olub. Mahir Şıxəliyevin atası kənddə Əli Vəliyevə məxsus evdə bağban işləyir, o, həmkəndlisi Elçin Bağırovla həmin evə gələrək ordakı ov tüfəngini götürüb. Bu zaman Elçin Bağırov tüfənglə ehtiyatsız davranıb və qəfil açılan atəş 18 yaşlı gənci ağır yaralayıb.

Dərhal Şabran rayon mərkəzi xəstəxanasına çatdırılan Mahir Şıxəliyev hadisədən 6 saat sonra burada keçinib. Hadisə zamanı evin bağbanı Məmmədi Şıxəliyev burada olmayıb, oğlu Mahir də məhz atasının orda olmamasından istifadə edərək ov tüfəngini götürüb və bunun ağır nəticəsi də göz qabağındadır.

Şabran polis şöbəsinin əməkdaşları tərəfindən qətlə səbəb olan ov tüfəngi maddi sübut kimi götürülüb və 15 yaşlı yeniyetmə istintaqa cəlb edilib.

Şabran rayon prokurorluğunda CM-nin 124-cü-ehtiyatsızlıqdan adam öldürmə maddəsilə cinayət işi açılıb.