Azərbaycanda xərçəng olan məşhur jurnalist dünyasını dəyişdi

14 Sentyabr, 2018 11:31 | Hadisə | Baxış sayı: 576
Nigar İsmayılqızı
Nigar İsmayılqızı

Türk həkimlər Nigar İsmayılqızını xilas edə bilməyiblər

Leykoz (qan xərçəngi) xəstəliyinin ağır formasından əziyyət çəkən tanınmış jurnalist Nigar İsmayılqızı bu gün dünyasını dəyişib.
Jurnalist, yazıçı, Prezident təqaüdçüsü və Yazıçılar Birliyinin üzvü sentyabrın 3-də Türkiyənin Hacəttəpə xəstəxanasına yerləşdirilmişdi. Həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb. Bu barədə gənc xanımın yaxınları sosial şəbəkələrdə məlumat payalaşıblar. 

Aparıcının ağır xəstəliyi barədə məlumat bir neçə gün öncə ortaya çıxmışdı. Nigarın bacısı Aytən İsmayılova bildirib ki, hər şey anidən olub:"Bir müddət idi ki, Nigarda halsızlıq müşahidə olunurdu. Hər gün bu halsızlıq artırdı və biz onu müayinə etdirdik. Müayinə zamanı məlum oldu ki, Nigarda leykositlər inanılmaz dərəcədə çoxalıb. Yəni normal insanda olandan təxminən 100 dəfə çox. Bundan sonra ona təcili qan köçürməyə başladıq. Baxmayaraq ki, qan köçürürük, Nigarın vəziyyəti günü-gündən pisləşir".

Xatırladaq ki, İsmayılova Nigar İsmayıl qızı 1984-ci ildə Şabran şəhərində doğulub. Bakı Dövlət Universitetinin filologiya fakültəsini bitirib. Daha sonra Odlar Yurdu Universitetinin jurnalistika kafedrasında müəllimə olaraq işə başlayıb.

Uzun müddətdir mətbuatdadır. "Space" və AZTV-nin Xəbərlər Departamentində çalışıb. ATV-nin Xəbərlər Departamentində redaktor olub. Türkiyənin "GEM.AZ1" Televiziyasında iqtisadiyyat xəbəri aparıcısı kimi çalışıb.