Bacısını öldürən qız məhkəmə qarşısına çıxacaq - Bakıda

13 Noyabr, 2017 16:50 | Hadisə | Baxış sayı: 152
Məhkəmə işi
Məhkəmə işi

Dövlət ittihamçısı bacısını xüsusi amansızlıqla qətlə yetirməkdə ittiham olunan 22 yaşlı Pərvanə Nuriyevanın barəsində olan məhkəmə qərarından apellyasiya protesti verib.

IstiPress-in məlumatına görə, Bakı Apellyasiya Məhkəməsində keçiriləcək proses noyabrın 14-nə təyin edilib. Apellyasiya şikayətinə hakim Əmir Bayramovun sədrliyi ilə baxılacaq.

Qeyd edək ki, hadisə 2014-cü ilin oktyabrında baş verib. Bakının Xətai rayonunda 1993-cü il təvəllüdlü Günel Nuriyeva yaşadığı Xudu Məmmədov küçəsi-18 ünvanında özündən iki yaş kiçik olan bacısı Pərvanə Nuriyeva tərəfindən qətlə yetirilib.

P.Nuriyeva mübahisə zəminində bacısı G.Nuriyevaya 22 bıçaq zərbəsi vurub və daha sonra onun başını kəsib.

P.Nuriyeva Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adamöldürmə, yəni digər şəxsi qəsdən həyatdan məhrum etmə) maddəsi ilə ittiham olunub.

Bakı Ağır Cinayətlər Məhkəməsinin 12 noyabr 2015-ci il tarixli hökmü ilə P.Nuriyeva barəsində məcburi xarakterli tibbi tədbirlərin tətbiq edilməsi ilə bağlı qərar çıxarılıb. O, müalicə edilməsi üçün Səhiyyə Nazirliyinin 1 saylı Respublika Psixiatriya Xəstəxanasına göndərilib.

Xatırladaq ki, P.Nuriyevanın yaxınları Sabunçu Rayon Məhkəməsinə müraciət ediblər. Onlar P.Nuriyevanın, Səhiyyə Nazirliyi 1 saylı Respublika Psixiatriya Xəstəxanasının ümumi tipli psixiatriya Stasionarında məcburi müalicəsinin ləğv edilərək, məcburi ambulatoriya müşahidəsi və psixiatr müalicəsinə keçirilməsini istəyiblər.

Onu da qeyd edək ki, Nuriyeva bacılarının atası Etibar Nuriyev iş adamıdır.

Virtualaz.org