Azərbaycanın cənubunda güclü zəlzələ, yüzlərlə ölü FOTOLAR, VİDEO, YENİLƏNİB II

13 Noyabr, 2017 12:35 | Hadisə | Baxış sayı: 1169
İranda zəlzələ nəticəsində yaxınlarını itirən ailə
İranda zəlzələ nəticəsində yaxınlarını itirən ailə

Minlərlə adam yaralanıb, on minlərlə iranlı evsiz qalıb

İranda zəlzələ qurbanlarının sayı durmadan artır. Ən son məlumata görə, dağıntılar altından 328 nəfərin meyiti çıxarılıb. Bu barədə Səhiyyə Nazirliyi məlumat yayıb. 

Saat 10:20

İranda ötən gün baş verən zələzlə qurbanlarının sayı sürətlə artır. Son məlumata görə, ölü sayı 200-ü ötüb. Şəhərlərdə onlarla bina dağılıb. Dağıntılar altında qalanlar olduğu üçün ölü sayının da artacağı istisna edilmir. 

Yaralıların sayı isə 1600 nəfərə çatıb.

İranda zəlzələ nəticəsində dağılan mağaza
İranda zəlzələ nəticəsində dağılan mağaza

Saat 08:17

Noyabrın 12-də axşam saatlarında İranın  İraqla sərhəddində güclü zəlzələ baş verib. İstiPress-in məlumatına görə, yeraltı təkanların gücü 7,2 bal olub.

Yerli mətbuatın məlumatına görə, zəlzələ nəticəsində 141 nəfər ölüb, 130-dan artıq insan isə yaralanıb. Ölü sayının artacağı istisna edilmir. 

Zəlzələnin episentri Kermanşah şəhərindən 104 km qərbdə, ocağı 10 km dərinlikdə yerləşib. Güclü zəlzələdən sonrakı bir neçə saat ərzində bölgədə 12-dən çox təkrar yeraltı təkanlar qeydə alınıb. Ən çox ölüm faktı da məhz Kirmanşah və İlam vilayətlərində qeydə alınıb.

Zəlzələ ilə bağlı böhran mərkəzi yaradılıb. Ölkə prezidenti Həsən Ruhani də zərərçəkənlərə bütün lazımi köməyin göstərilməsi barədə tapşırıq verib. Fəlakət zonasında çox sayda xilasedici çalışır. 

Qızıl Aypara Cəmiyyətinin məlumatına görə, təbii fəlakət nəticəsində 70 mindən çox iranlı evsiz qalıb. Onların müvəqqəti sığınacaqlara ehtiyacları yaranıb.

Təkanlar İranla yanaşı 6  ölkədə - İraq, Türkiyə, Azərbaycan, Suriya, Kuveyt, Birləşmiş Ərəb Əmirlikləri hiss edilib. 

İranda zəlzələ
İranda zəlzələ