Polis transmilli cinayətkar şəbəkənin üzvlərini ifşa etdi

13 Sentyabr, 2018 15:50 | Hadisə | Baxış sayı: 61
Azərbaycan polisi
Azərbaycan polisi

Narkotik maddələrin ölkəyə qaçaqmalçılıq yolu ilə gətirilməsi, dövriyyəsi və satışı ilə məşğul olurdular

Sumqayıt Şəhər Polis İdarəsi əməkdaşları tərəfindən keçirilən uğurlu əməliyyat tədbiri nəticəsində narkotik maddələrin ölkəyə qaçaqmalçılıq yolu ilə gətirilməsi, dövriyyəsi və satışı ilə məşğul olan transmilli cinayətkar şəbəkənin üzvləri ifşa edilib.

İstiPress DİN-ə istinadən bildirir ki, daxil olan məlumat əsasında keçirilən əməliyyat nəticəsində şəhər ərazisində narkotik vasitə satmaq istəyən Cəlilabad rayon sakinləri Şahlar Qasımov və Əhməd Əhmədov polislər tərəfindən saxlanılıb. Onların üzərlərinə və Ə.Əhmədovun idarə etdiyi “VAZ 2106” markalı avtomobilə baxış keçirilən zaman 1 kiloqram 5 qram narkotik vasitə olan heroin aşkar olunaraq götürülüb. Saxlanılan şəxslər ifadələrində narkotik vasitəni iyulun 27-də dəstənin digər üzvləri Yaşar Qasımov və Süleyman Məhərrəmovla birlikdə Yardımlı rayonu, Aruz kəndi ərazisində İran vətəndaşı Rza adlı şəxsdən satmaq məqsədi ilə aldıqlarını bildiriblər. Əməliyyat tədbirlərinin davamı olaraq Sumqayıt ŞPİ əməkdaşları tərəfindən dəstənin adıçəkilən üzvləri, o cümlədən İran vətəndaşı Cavadi Rza Əlirza oğlu da saxlanılaraq istintaqa təqdim ediliblər.

İstintaqın gedişi zamanı müəyyən edilib ki, saxlanılan Azərbaycan vətəndaşları qabaqcadan əlbir olan bir qrup şəxs halında Rza Cavadidən 3 kiloqram 590 qram heroin və xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış 932 qram tiryək əldə ediblər.

Saxlanılan şəxslərin Cəlilabad rayonunda gizlətdikləri narkotik vasitələrin qalan hissəsi də aşkar olunaraq götürülüb.

Faktla bağlı Sumqayıt Şəhər Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb. Hazırda cinayət işi üzrə zəruri və təxirəsalınmaz istintaq hərəkətləri davam etdirilir.