Polis silahlı şəxslərə qarşı xüsusi əməliyyat keçirdi - FOTO

13 Avqust, 2019 15:14 | Hadisə | Baxış sayı: 88
Azərbaycanda polis əməliyyatı - ARXİV
Azərbaycanda polis əməliyyatı - ARXİV

İdman çantasından 1 ədəd “Kalaşnikov” tipli avtomat silah çıxdı

Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları Şirvan şəhərində silahlı şəxslərə qarşı xüsusi əməliyyat həyata keçirib.

İstiPress-ə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən verilən məlumata görə, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən üzərlərində qanunsuz olaraq odlu silah-sursat gəzdirən şəxslərə qarşı bir neçə uğurlu əməliyyat tədbiri həyata keçirilib.

Belə ki, daxil olan məlumat əsasında Şirvan şəhər sakini Nadir Babayev saxlanılıb. Onun əlindəki idman çantasına baxış keçirilən zaman 1 ədəd “Kalaşnikov” tipli avtomat silah, daraq və 7 ədəd patron aşkar olunaraq götürülüb. Saxlanılan şəxs ifadəsində silah-sursatın ona məxsus olduğunu etiraf edib.

Baş İdarə əməkdaşlarının Şirvan şəhərində keçirdikləri növbəti əməliyyat tədbiri nəticəsində şəhər sakini Amid Abdullayev də saxlanılıb. Onun üzərində şəxsi axtarış aparılan zaman 1 ədəd istifadəyə yararlı “Makarov” tipli tapança aşkar olunaraq götürülüb.

Qeyd edilən hər 2 faktla bağlı Baş İdarədə cinayət işləri başlanılıb. 

Saxlanılan şəxslərin hər biri barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbirləri seçilib.