Azərbaycanlı həkim Rusiyada faciəli şəkildə öldü - FOTO

13 Avqust, 2019 11:48 | Hadisə | Baxış sayı: 285
Tengiz Axundov
Tengiz Axundov

Cənazəsi təyyarə ilə bu gün Azərbaycana yola salınacaq

Rusiyanın Kalininqrad vilayətinin cənubunda bazar günü avqustun 11-də səhər saatlarında baş vermiş avtomobil qəzası zamanı nüfuzlu azərbaycanlı həkim həlak olub.

İstiPress “Komsomolskaya Pravda” nəşrinə istinadən xəbər verir ki, 63 yaşlı otorinolarinqoloq Tengiz Hüseynağa oğlu Axundovun idarə etdiyi “Folksvagen Polo” avtomobili idarəetmədən çıxaraq qarşı hərəkət zolağına keçib və eyni markadan olan digər avtomobillə toqquşub.

İlkin məlumatlarda qəzanın avtomobilin təkərinin partlaması nəticəsində baş verdiyi bildirilsə də vilayət Daxili İşlər İdarəsindən dəqiqləşdiriblər ki, “Folksvagen” sürücüsü idarəetməni itirib və avtomobil qarşı hərəkət zolağına keçib. Hadisə zamanı Axundovun yanında onun oğlu da olub, amma heç bir xəsarət almayıb. Zərbə avtomobilin sürücü oturan hissəsinə dəyib və doktor Axundov başından ciddi xəsarət alıb.

Tengiz Axundov uzun illər Kalininqrad Mərkəzi Klinikasında işləyib. Onun ölümü haqda ilk məlumatı Kalininqradın Həkimlər Palatasının şurası yayıb. Həmkarları deyirlər ki, Axundov 30 ilə yaxındır Kalininqrad Mərkəzi Klinikasında işləyirdi və hamının hörmətini qazanmışdı. Onun böyük ailəsi olub, iki qızı məktəbi qızıl medalla bitirib.

Axundovun pasiyentləri də çoxsaylı internet forumlarda onun faciəli ölümündən kədərləndiklərini ifadə ediblər.

Qəzet yazır ki, Tengiz Axundovu vətənində dəfn edəcəklər. Bu gün avqustun 13-də onun  cənazəsi təyyarə ilə Azərbaycana yola salınacaq.

Allah rəhmət eləsin!