Şəmkirdə əməliyyat - Gəncə hadisələrinə görə axtarılan şəxs məhv edildi YENİLƏNİB

13 İyul, 2018 09:45 | Hadisə | Baxış sayı: 637
Rəşad Məmmədəli oğlu Böyükkişiyev
Rəşad Məmmədəli oğlu Böyükkişiyev

Rəşad Böyükkişiyev əməliyyat zamanı polislərə silahlı müqavimət göstərib

Baş Prokurorluq, Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizliyi Xidməti (DTX) Gəncədə polis əməkdaşlarını qətlə yetirməkdə şübhəli bilinən  Rəşad Böyükkişiyevin zərərsizləşdirilməsi ilə bağlı rəsmi məlumat yayıb.

Məlumatda qeyd edilir ki, cinayətin iştirakçılarının müəyyən edilərək tutulması istiqamətində dövlət başçısının şəxsi nəzarəti altında intensiv surətdə davam etdirilən əməliyyat-axtarış tədbirləri nəticəsində polis əməkdaşlarını qətlə yetirməkdə şübhəli bilinən Rəşad Böyükkişiyevin Şəmkir rayonunun Moranlı kəndindəki gizləndiyi yer müəyyən edilib. Onun tutulması üçün iyulun 13-ü səhər saatlarında keçirilən əməliyyat zamanı silahlı müqavimət göstərdiyindən o, yerində məhv edilib. 

Gəncədə asayişin pozulmasının qarşısı alınarkən polis əməkdaşlarına ilk hücum edənlərdən biri - Samir İbrahimovun da gizləndiyi yer müəyyən edilibş və keçirilmiş əməliyyat tədbirləri ilə yaxalanıb.

Bütövlükdə qeyd olunan cinayətin fəal iştirakçılarından 11 nəfərin tutulması təmin olunub. Biri isə məhv edilib.

Törədilmiş qanlı cinayətin bütün iştirakçılarının müəyyən edilib məsuliyyətə cəlb olunmaları məqsədilə zəruri istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Görülən işlərin gedişi barədə əlavə məlumat veriləcək.   

Saat 09:22

Gəncədə yüksək rütbəli polis zabitlərini qətlə yetirməkdə şübhəli bilindiyi üçün axtarışa verilən ikinci şəxs - Rəşad Məmmədəli oğlu Böyükkişiyev zərərsizləşdirilib.

İstiPress-in APA-ya istinadla verdiyi məlumata görə, R. Böyükkişiyev bu gecə hüquq-mühafizə orqanlarının  keçirdiyi əməliyyat tədbirləri nəticəsində Şəmkir rayonu ərazisində zərərsizləşdirilib.

Qeyd edək ki, Respublika Baş Prokurorluğu, Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizliyi Xidmətinin yaydığı birgə məlumatda 1988-ci il təvəllüdlü Rəşad Məmmədəli oğlu Böyükkişiyevin əvvəllər qəsdən adamöldürmə və soyğunçuluq cinayətlərinə görə məhkum olunduğu bildirilib.

Gəncə şəhərində baş vermiş qanunsuz aksiyanın ən fəal iştirakçılarından və xidməti vəzifələrini yerinə yetirən polis zabitlərindən birinin qətlində şübhəli bilinən Qasımov Fərrux Xəqani oğlu iyulun 11-də vətəndaşların yaxından köməkliyi ilə tutularaq istintaqa təhvil verilmişdi.

Rəşad Məmmədəli oğlu Böyükkişiyev (solda) və Fərrux Xəqani oğlu Qasımov
Rəşad Məmmədəli oğlu Böyükkişiyev (solda) və Fərrux Xəqani oğlu Qasımov