Azərbaycanda güclü yanğın - yüksəkgərginlikli elektrik xətləri təhlükədə qaldı

13 İyul, 2018 08:30 | Hadisə | Baxış sayı: 94
Yanğın (Arxiv)
Yanğın (Arxiv)

Alovla mübarizəyə amfibiya təyyarəsi və helikopter də cəlb edilib

Ağsuda güclü yanğın baş verib. Fövqəladə Hallar Nazirliyindən İstiPress-ə verilən məlumata görə,  12.07.2018-ci il tarixində saat 14:30 radələrində Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Ağsu rayonunun Bico kəndi (Ağsu RDYMH-dən 19 km uzaqlıqda) yaxınlığındakı biçilmiş taxıl sahəsi və kol-kos olan ərazidə yanğın baş verməsi barədə məlumat daxil olub.

FHN Dövlət Yanğından Mühafizə Xidmətinin (DYMX) canlı qüvvə və texnikası yanğının söndürülməsi işlərinə cəlb edilib.

Yanğının yüksəkgərginlikli elektrik hava xətlərinin yaxınlığında baş verməsi söndürülməsində çətinliklər yaradıb. Yanğın sürətlə geniş ərazilərə yayıldığından qonşu rayonlardan da Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin (DYMX) canlı qüvvə və texnikası, Mülkü Müdafiə Qoşunlarının (MMQ) müvafiq qüvvələri, Aviasiya dəstəsinin “Be-200 ÇS” amfibiya təyyarəsi və "Mi-17" yanğınsöndürmə helikopteri yanğınsöndürmə işlərinə cəlb olunub.

Alovla mübarizəyə 15 texnika, 80 nəfər canlı qüvvə cəlb edilib.

Həyata keçirilmiş operativ tədbirlər nəticəsində qısa müddətdə bu istiqamətdə yanğının yüksəkgərginlikli elektrik hava xətlərinə yaxınlaşmasının qarşısı alınıb.

Hadisə nəticəsində 400 ha sahədə biçilmiş taxıl sahəsi, quru ot və kol-kos yanıb. Alovlar saat 21:03-də söndürülüb.

Yanğından yaxınlıqdakı əkin sahələri və digər ərazilər mühafizə olunub.