Bakıda gəlinini öldürmüş ağsaqqal: "Başqa yolum yox idi"

13 İyun, 2018 16:54 | Hadisə | Baxış sayı: 247
Ov tüfəngi
Ov tüfəngi

60 yaşlı seyidin etirafı

Gəlinin öldürməkdə ittiham olunan 60 yaşlı Seyidmalik Məmmədov Bakı Ağır Cinayətlər Məhkəməsində çıxışında onu qonşu ilə hamamda tutduğunu deyib. 

İstiPress-in məlumatına görə, qətl hadisəsi 11 dekabr 2017-ci ildə Maştağa qəsəbəsində baş verib. Kənd sakini Seyidmalik Məmmədov gəlininin əxlaqsız hərəkətlərinə dözə bilməyərək ondan qisas almaq qərarına gəlib. O, odlu silahdan gəlini Aysel Məmmədovanın baş nahiyəsinə iki dəfə atəş açaraq qətlə yetirib.

Təqsirləndirilən şəxs qismində dindirilən S.Məmmədov elan olunmuş ittihamla özünü təqsirli bildiyini və günahı varsa cəzasını çəkməyə hazır olduğunu deyib.

S.Məmmədov bildirib ki, qonşusu Təhmasib adlı şəxs onlara qonaq gəlib, atasından nigaran olduğunu deyib: "Sonra evə getdiyini söylədi. Mən də evə keçdim. Bu zaman ürəyimə nəsə damdı. Pəncərədən çölə baxdım. Gördüm ki, hamamın qapısı açıldı. Aşağı düşüb ora getdim. Qızı hamamda gördüm. Dedim ki, "evə qalx soyuq olar". O, uşağı cimizdirdiyini bildirdi. Üstünə qışqırdım, hamamdan zorla çıxardım. Dalınca içəri girdim ki, qonşu da hamamdadır".

Təqsirləndirilən şəxs deyib ki, həmin hadisədən sonra qonşusunu öldürməyi qərar verib: "Bir ay bunu özümdə saxladım. Heç kimə heç nə deməmişdim. Fikirləşirdim ki, onu tək tutub öldürüm. Təhmasib özü də Zaqatalaya qaçmışdı. Axırda gəlini tək tutdum, öldürdüm, namusumu təmizlədim".