Azərbayacan Rusiya sərhəddində əməliyyat, 53 nəfər tutuldu

13 İyun, 2018 13:13 | Hadisə | Baxış sayı: 56
Sərhəd pozuçusu
Sərhəd pozuçusu

Bir həftəlik əməliyyat 15 cinayətin üstünü açdı

Azərbaycan və Rusiya sərhəddində keçirilən "Sərhəd" şərti adı altında birgə kompleks əməliyyat-axtarış zamanı 53 nəfər saxlanılıb, xeyli silah-sursat götürülüb. 

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, əməliyyatın əsas məqsədi transmilli mütəşəkkil cinayətkar dəstələrin ifşa edilərək zərərsizləşdirilməsi, silah-sursatın, partlayıcı maddələrin və qurğuların, narkotik vasitələrin, eləcə də digər hüquqazidd əməllərin həyata keçirilməsinə yönələn maliyyə və maddi vəsaitlərin daxilolma kanallarının müəyyənləşdirilib qarşısının alınması sahəsində birgə kompleks təşkilati-praktiki tədbirlərin, həmçinin sərhədyanı əməkdaşlıq məsələləri ilə bağlı qəbul edilmiş qərarların icrasının yerinə yetirilməsi olub.

Rusiya Federasiyası Dağıstan Respublikasının sərhədyanı bölgələrini və ölkəmizin Qusar, Quba, Xaçmaz, Zaqatala, Şəki, Balakən, Qəbələ, Qax və Oğuz rayonlarını əhatə edən tədbirlər nəticəsində müxtəlif cinayətlər törətdiklərinə görə axtarışda olan 42 şəxs, o cümlədən Rusiya Federasiyası tərəfindən axtarılan 11 nəfər tutulub, itkin düşmüş hesab olunan 4 nəfər tapılıb, dövlətə borclu qismində axtarılan 54 nəfər saxlanılıb.

Qanunsuz saxlanılan 9 avtomat silahı, 1 pulemyot, 6 tapança, 69 tüfəng, 36 qumbara, 29 ədəd silah sandıqçası, 18 ədəd müxtəlif hərbi ləvazimat və sursat, 5700 ədəd müxtəlif çaplı patron götürülüb.

Əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqədar 19 fakt aşkar olunub, ümumi çəkisi 3 tondan çox 13600 ədəd çətənə kolu məhv edilib.

Bundan başqa, tədbirlər zamanı ölkəmizin sərhədyanı rayonlarının ərazisində törədilən 15 müxtəlif cinayətin açılması da təmin edilib.