Moskvada azərbaycanlılara hücum oldu - çeçen tutuldu

13 Mart, 2019 12:33 | Hadisə | Baxış sayı: 280
Silahlı insident
Silahlı insident

Təkər təmiri sexindəki azərbaycanlılar bıçaqlanıblar

Rusiyada yenidən azərbaycanlılara hücum təşkil edilib. İnsident ötən gün paytaxt Moskvada baş verib. İstiPress-in məlumatına görə, bu barədə "İnterfaks" öz mənbəsinə istinadla yazıb. Üç naməlum şəxs təkər təmiri məntəqəsində çalışan azərbaycanlılara hücum edib.

Hücum edənlər Qırmızı Zor küçəsindəki  təkər təmiri məntəqəsində olan 2 azərbaycanlıya bıçaqla bir neçə zərbə endirib və hadisə yerindən qaçıblar. Yaralılar kəllə-beyin travması, kəsici-deşici yaralar, travmatik silahdan istifadə nəticəsində alınmış güllə yaraları ilə xəstəxanaya çatdırılıblar.

Mənbənin məlumatına görə, polis Aminyevskoye şossesində "Mercedes" markalı avtomobildə hərəkət edən şübhəlilərdən birini saxlayıblar. İlkin məlumatlara görə, bu, Moskvada yaşayan çeçendir.

Faktla bağlı iki maddə - xuliqanlıq və qəsdən ağır bədən xəsarətləri yetirmək maddələri üzrə cinayət işi açılıb.

Xatırladaq ki, bir neçə həftə əvvəl Moskvada çeçenlərlə azərbaycanlılar arasında ciddi münaqişə olmuşdu. Hətta hər iki tərəfin ağsaqqalları toplaşaraq iki xalq arasında heç bir problem olmadığını demiş, baş verənləri təxribat adlandırmışdılar.