Qusarda yuva quran quşlar 1 uşaq atası gəncin ölümünə səbəb oldu

13 Yanvar, 2020 09:10 | Hadisə | Baxış sayı: 767
Təbii qaz
Təbii qaz

Yatan ata-anasını oyatmaq istəməyən gənc həyatı ilə vdalaşdı

Qusarın Samur qəsəbəsində dəm qazı 29 yaşlı gəncin həyatına son qoyub. İstiPress-in Şimal bürosunun məlumatına görə, qəsəbə sakini olan 29 yaşlı Qafar Arif oğlu İbrahimov yaşadığı evin həyətindəki yarım tikilidə yatarkən burada yanılı vəziyyətdə kustar üsulla hazırlanmış qaz sobası sönüb. Yuxuda olan gənc içəri dolan qazdan boğularaq ölüb. Onun meyitini səhər tezdən qardaşı görüb və ailəsinə xəbər edib.

Qusar rayon polis şöbəsinin növbətçi hissəsi vasitəsilə rayon  prokurorluğu məlumatlandırılıb. Hadisə yerində işləyən prokurorluq əməkdaşları mərhumun dəm qazından boğulub ölməsi qənaətinə gəliblər. Meyit daxili müayinə edilib.Hadisə yerinə baxış keçirilib.

Hüquq-mühafizə orqanlarından əldə etdiyimiz məlumata görə, mərhum Qafar İbrahimov 3 ay öncə həyat yoldaşından boşanıbmış. Onun bir azyaşlı qızı var. Onun gecə evə gec gəldiyi üçün valideynlərini oyatmamaq üçün həyətdəki ərzaq məhsullarının saxlanıldığı yarım tikilidəki kresloda yatdığı və bu səbəbdən  qaz sobasını yandırdığı bildirilir.

Hadisə yerinə prokurorluq-polis əməkdaşları ilə birgə, Qusar qaz istismarı idarəsinin işçiləri də baxış keçiriblər. Məlum olub ki, qaz sobasına gələn borularda və tüstü bacasında quşlar yuva salıb. Vaxtında təmizlənməyən tüstü bacasından içəri dolan qaz isə 29 yaşlı gəncin ölümünə səbəb oldu. Ölüm faktını Qusar rayon prokurorluğu araşdırır.