Arvadına baxan taksi sürücüsünü öldürən Bakı sakini

12 Dekabr, 2017 16:56 | Hadisə | Baxış sayı: 281
Qanlı bıçaq
Qanlı bıçaq

Otuz yaşlı sürücü telefon nömrəsini müştəriyə göstərməyə çalışıb

Bakı Ağır Cinayətlər Məhkəməsində arvadına baxan taksi sürücüsünü öldürməkdə təqsirləndirilən 1993-cü il təvəllüdlü Cavid Əbdülməmmədova cəza istənilib.

İstiPress-in məlumatına görə, hakim Səbuhi Hüseynovun icraatında olan prosesdə dövlət ittihamçısı çıxış edərək C.Əbdülməmmədovun 19 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Proses dekabrın 14-də davam etdiriləcək.

Qeyd edək ki, 2017-ci il iyulun 16-da saat 11 radələrində Suraxanı rayon sakini, 1987-ci il təvəllüdlü Ağammədov Vasif Şirməmməd oğlu aldığı bıçaq xəsarətlərindən xəstəxanaya aparılarkən yolda ölüb. Hadisəni törədən Suraxanı rayon sakini Əbdülməmmədov Cavid Hacıməmməd oğlu həbs edilib. 

C.Əbdülməmmədov xanımı ilə birlikdə toydan qayıdarkən V.Ağammədovun idarə etdiyi taksiyə minib. Maşında olarkən V.Ağammədov C.Əbdülməmmədovun arxa oturacaqda əyləşən xanımına baxıb. Daha sonra isə telefonda nömrəsini xanıma göstərib. C.Əbdülməmmədov buna görə sürücüyə iradını bildirib və arxaya çox baxmamasını məsləhət görüb. Amma taksi sürücüsü bu xəbərdarlığa ciddi yanaşmayıb. İçkili olan C.Əbdülməmmədov maşından düşərkən sürücüdən harada qaldığını soruşub. Səhər də onunla görüşə gəlib və orada onu bıçaqlayıb, sonra isə könüllü olaraq polisə təslim olub.

 Qafqazinfo