Bankir arvadının Londondakı milyonları Azərbaycana qayıda bilər

12 Oktyabr, 2018 10:33 | Hadisə | Baxış sayı: 135
Zamirə Hacıyeva
Zamirə Hacıyeva

Əgər Böyük Britaniya Ali Məhkəməsi Zamira Hacıyevanın qanunsuz vəsaitlərdən istifadə etdiyini müəyyənləşdirərsə...

Azərbaycan Beynəlxalq Bankının İdarə Heyətinin keçmiş sədri Cahangir Hacıyevin həyat yoldaşı Zamirə Hacıyevanın Londonda xərclədiyi milyonlar Azərbaycana qaytarıla bilər.

Bu barədə "The Telegraph" yazıb. Qəzet xəbər verir ki, bu barədə Böyük Britaniya Milli Kriminal Agentliyindən (NCA) bildirilib.

Böyük Britaniya Milli Kriminal Agentliyinin İqtisadi cinayətkarlıqla mübarizə bölməsinin rəhbəri Donald Tunun (Donald Toon) sözlərinə görə, Böyük Britaniya Ali Məhkəməsi Zamira Hacıyevanın qanunsuz vəsaitlərdən istifadə etdiyini müəyyənləşdirərsə, ondan alınaraq müsadirə olunmuş bütün əmlak və pul ölkəsinə qaytarılacaq.

Xatırladaq ki, Böyük Britaniyada korrupsiyaya qarşı mübarizə qanunun ilk hədəfi olan qadın Azərbaycan Beynəlxalq Bankının keçmiş sədri Cahangir Hacıyevin arvadı Zamirə Hacıyevadır. O, Londonda 11.5 milyon funt sterlinqə aldığı (15.13 milyon dollar) evinin əlindən alınmasına qarşı mübarizə aparır. Evin hazırki qiyməti isə 15 milyon funt sterlinq (19.74 milyon dollar) dəyərində qiymətləndirilir.

İngiltərədə media, ictimaiyyətin belə bir işin bütün faktları bilməli olduğunu tələb etdikdən sonra Zamirə Hacıyeva, anonimliyinin qorunması barədə tələbini məhkəmədə uduzub. Bu, BBC-də Cahangir və Zamirə Hacıyevlərə  həsr edilmiş xüsusu geniş məqalədə bildirilir. Məqalədə deyilir ki, keçmiş dövlət bankiri Cahangir Hacıyevin arvadı on il ərzində Londonun məşhur univermaqı “Harrods”da 16 milyon funt sterlinq (35.85 milyon manat) xərcləyib və elə həmin mağazanın yanında - Londonun ən bahalı ərazilərindən birində ev alıb. O, həmçinin Berkshire qraflığında qolf kulubunu alıb.

Ali Məhkəmə ona sərvətinin mənbəyini izah etməyi əmr edib - əgər o bunu edə bilməsə, öz əmlakını itirmək riski ilə qarşı-qarşıyadır.

Böyük Britaniya tarixində ilk “İzahedilməmiş Sərvət Sərəncamı”nın şərtlərinə əsasən, 55 yaşlı Zamirə Hacıyeva, əri Cahangir Hacıyev ilə birgə Milli Cinayət Agentliyinə hesabat verməlidir ki, Londonun bahalı Knightsbridge bölgəsində böyük bir evi hansı maliyyə hesabına alıblar.

Cahangir Hacıyev Azərbaycan Beynəlxalq Bankının keçmiş sədridir. O, 2016-cı ildə böyük dələduzluq və yeyintinin bir hissəsi olmaqda ittiham edilərək 15 il müddətinə həbs edilib. Onun rəhbərlik etdiyi bankdan on milyonlarla funt sterlinq pul yoxa çıxıb.