Sərnişinlə dolu "British Airways" təyyarəsinə görə Bakı aeroporunda həyəcan siqnalı

12 İyul, 2018 11:26 | Hadisə | Baxış sayı: 445
"British Airways" təyyarəsi
"British Airways" təyyarəsi

Londondan qalxan təyyarənin havada mühərriki dayanıb

Londondan havaya qalxan sərnişin təyyarəsi Bakıda məcburi eniş edib. "British Airways" aviaşirkətinə məxsus hava gəmisinin komandirinin təyyarənin sol mühərrikinin dayanması səbəbindən məcburi eniş barədə elanından sonra Bakı vaxtı ilə 12 iyul səhər saat 05:52-də Heydər Əliyev Beynəlxalq Aeroportunda həyəcan siqnalı verilib.

Həyəcan siqnalı ilə hava limanının bütün qəza-xilasetmə xidmətləri qaldırılıb. Təyyarə Bakı vaxtı ilə saat 06:29-da uğurlu eniş edib, xəsarət alan yoxdur.

Sərnişinlər hava limanının tranzit zonasında yerləşdirilib, onlara yemək və içkilər təqdim edilib.

Göyərtəsində 214 nəfərin (197 sərnişin və 17 uçuş heyətinin üzvü) olduğu “Boeing-777” təyyarəsi Londondan (Böyük Britaniya) Mumbay (Hindistan) şəhərinə reys həyata keçirirdi.