Qatil ər qisas üçün arvadını qısqandığı kişinin anasını da öldürdü

12 Aprel, 2020 09:56 | Hadisə | Baxış sayı: 246
Ov tüfəngi
Ov tüfəngi

Azərbaycanda film kimi serial qətl

Dəhşətli qətl hadisəsi Şabran rayonunun Zeyvə kəndində baş verib.

IstiPress-in şimal bürosunun məlumatına görə, kənd sakini, 34 yaşlı Nahid Eynulla oğlu İslamov həmkəndliləri - 57 yaşlı İstək Əlyar qızı Mahmudovanı və onun oğlu, 37 yaşlı Məhəbbət Elman oğlu Məmmədovu odlu silahla öldürüb.

Hadisə yerindən qaçan Nahid İslamovu Şabran rayon polis şöbəsinin əməkdaşları bu  gecə saat 2-də Zeyvə kəndinin ərazisində yaxalayaraq rayon prokurorluğunun istintaqına təhvil veriblər. Məlumata görə, Nahid İslamov 11  il əvvəl həyat yoldaşı Dinarəni öldürdüyünə görə 11 il həbsxana həyatı yaşayıb. 2019 -cu il yanvar ayının 30-da həbsdən azad olunan Nahid İslamovun arvadını namus üstündə öldürdüyü deyilir.

Bir il 3 aydır kənddə yaşayan Nahid İslamov imkan tapan kimi həmkəndlisi Məhəbbət Məmmədovu öldürməyi planlaşdırıbmış. Guya arvadını bu şəxsə görə öldürüb, qisas almaq istəyib. Axır ki, keçmiş məhkum öz çirkin planını həyata keçirərək nəinki Məhəbbəti, hətta onun anasını belə öldürməyə nail olub. Evdə babasından qalma köhnə tüfənglə Məhəbbət Məmmədovun evinə gələn Nahid İslamov evlərinin arxasında Məhəbbəti güllələyib. Sonra isə evdən səsə çıxan və ora gələn onun anası İstək Mahmudovanı öldürüb və qaçıb.

Əldə etdiyimiz məlumata görə, arvadını öldürəndən sonra Nahidin 1 övladı qalıb. Hazırda 14 yaşı olan həmin qız uşağı ana nənəsinin himayəsində yaşayır. Əsassız qisasın nəticəsi olan qətl hadisəsini Şabran rayon prokurorluğu araşdırır. Rayon prokurorluğunda CM-nun 120.2 (iki daha çox şəxsi öldürmə) maddəsilə cinayət işi açılıb. Bir ailəni başsız qoymuş və 11 illik  həbsxana həyatında nəinki islah olmuş, hətta yenidən qana susamış  Nahid İslamovun iki həmkəndlisini hansı səbəbdən öldürməsinin təfərrüatları, sözsüz ki, istintaqın gedişində tam aydın olacaq.