Şabranda oğurluğa gedən gənc iş başında öldü

12 Mart, 2018 09:45 | Hadisə | Baxış sayı: 485
Meyit
Meyit

Əmisi oğlu meyitdən canını qurtarmaq üçün elə addım atdı ki...

Şabranda bir müddət öncə itkin düşən gəncin oğurluq edərkən öldüyü üzə çıxıb. İstiPress-in Şimal bürosunun məlumatına görə, 18 yaşlı oğlanın rayon ərazisində itkin düşməsi faktı yerli polisi ayağa qaldırıb və araşdırmaların sonunda onu elektrik cərəyanının vurması bəlli olub.

Rayonun Xəlfələr kənd sakini 18 yaşlı Eltun Siyasət oğlu Əzimov fevralın 26-da evə qayıtmayıb. Ailəsi dərhal polisə müraciət edib və gənc itkin kimi qeydiyyata alınıb. Martın 3-də kənd yaxınlığındakı dağlıq ərazidə kişi meyiti tapılıb. Aparılan araşdırmalardan sonra onun Eltun Əzimova məxsus olduğu bəlli olub.

Şabran rayon polis şöbəsinin əməliyyatçılarının apardığı araşdırma nəticəsində məlum olub ki, E.Əzimov yaxın qohumları - 26 yaşlı  Bəxtiyar Ələmdar oğlu Əzimov və 21 yaşlı Tərlan Əlizadə oğlu Əzimovla əvvəlcədən əlbir olaraq kəndlərinin ərazisindən keçən neft buruqlarından yüksək gərginlikli elektrik naqillərini oğurlamaq planını qurub. Bu məqsədlə o mağazadan 3 ədəd dəmirkəsən qayçı alıb, əmisi oğlu Bəxtiyar bu qayçıları oğurluq üçün hazırlayıb və əraziyə yola düşüblər. Neft naqillərini kəsərkən Eltun Əzimovu ehtiyatsızlıqdan cərəyan vurub və o yerindəcə keçinib.

Onun öldüyünü görən qohumları ailəsinə, polisə xəbər vermək əvəzinə Eltunun meyitini qoyub qaçmağa qərar veriblər. Bəxtiyar Əzimov onun meyitini yol kənarına qədər çiynində gətirərək atıb. Eltun Əzimovu cərəyan vurandan sonra qohumları izi itirmək, barmaq izlərinin tanınmaması üçün onun gödəkçəsini yaxından keçən çaya atıblar.

Araşdırma aparan polis mərhum gəncin bir neçə dəfə rayon ərazisindəki metal qəbulu məntəqələrinə dəmir satdığını da müəyyən edilib.

Ölümlə nəticələnən metal oğurluğunun digər iştirakçıları - Xəlfələr kənd sakinləri-26 yaşlı Bəxtiyar Əzimov və 21 yaşlı Tərlan Əzimov saxlanılaraq istintaqa təqdim ediliblər. Şabran rayon prokurorluğunda CM-nin müvafiq maddələrilə cinahət işi açılıb, istintaq tədbirləri davam etdirilir.