Azərbaycanda şagirdləri imtahana aparan mikroavtobus qəzaya uğradı

12 Mart, 2018 08:30 | Hadisə | Baxış sayı: 209
Qəzaya uğrayan mikroavtobus
Qəzaya uğrayan mikroavtobus

12 nəfər yaralanıb, 1 şagird üçün Bakıdan həkim göndərilib

Ötən gün Yevlax rayonunda şagirdləri imtahana aparan mikroavtobus qəzaya uğrayıb. İstiPress-in məlumatına görə, "Vito" markalı mikroavtobus "QAZ-53" markalı avomobillə toqquşub. Nəticədə bir qrup şagird və müəllim imtahana qatıla bilməyib.

Təhsil Nazirliyi və Dövlət İmtahan Mərkəzi (DİM) Yevlaxdakı qəza ilə bağlı birgə məlumat yayıb. Məlumatda qeyd edilir ki, avtobusda imtahanda iştirak etmək üçün yola çıxan Yevlax rayonu Aran qəsəbə 1 nömrəli tam orta məktəbinin 15 şagirdi, 1 direktor müavini və 1 nəfər məktəbin əməkdaşı olub.

Hadisə zamanı xəsarət alanlardan 12 nəfər Yevlax Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Onların xəsarəti yüngül olduğundan ilkin tibbi yardımdan sonra xəstəxanadan evlərinə buraxılıblar. Digər 5 nəfər xəsarət alan şəxs Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib. Şagirdlərdən 3-nün vəziyyəti qənaətbəxşdir və müalicəsi davam etdirilir. 

Qəza nəticəsində kəllə-beyin travması alan 1 şagird və məktəbin əməkdaşının müalicəsini davam etdirməsi üçün Səhiyyə Nazirliyi tərəfindən Bakı şəhərindən həkim briqadası ezam olunub.

Hazırda Təhsil Nazirliyinin və Dövlət İmtahan Mərkəzinin rəsmiləri Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasındadırlar.