Parisdə güclü partlayış, 4 ölü, onlarla yaralı VİDEO, FOTO, YENİLƏNİB

12 Yanvar, 2019 17:04 | Hadisə | Baxış sayı: 151
Parisdə partlayış
Parisdə partlayış

Ölən və yaralananlar arasında alovla mübarizə aparan yanğınsöndürənlər də var

Parisdə baş verən partlayış nəticəsində ölən 4 nəfərdən ikisi yanğınsöndürəndir. Bu barədə yerli mətbuat ölkənin daxili işlər naziri Kristof Kastanerə istinadla məlumat yayıblar. 

Yaralı sayında da artım qeydə alınıb. Ən son məlumata görə, hadisə nəticəsində 12-i ağır olmaqla, 36 nəfər xəsarət alıb. 

Saat 16:06

Parisdə çörək sexində baş verən partlayış nəticəsində 20-dən çox adam  yaralanıb. Bu barədə şəhər rəsmilərinə istinadla məlumat yayılıb.

Parisin prokuroru Remi Eyntsanın sözlərinə görə, onlardan 12-nin xəsarətləri daha ciddidir. İki nəfərin həyati təhlükəsi isə davam edir.  Yaralılardan dördü yanğınsöndürəndir. Onların da vəziyyətləri ağırdır. 

Prokuror bildirib ki, hadisə baş verən binada araşdırmalar uzun sürəcək. Çünki binada olan mənzillərin çoxuna ziyan dəyib. 

"Reuters" hadisə nəticəsində 4 nəfərin öldüyünü də elan edib. 

Saat 13:28

Fransanın paytaxtı Paris şəhərinin mərkəzində güclü partlayış baş verib. Yerli polisin məlumatına görə, hadisə səhər saat 9 radələrində qeydə alınıb. Treviz və Sent-Sesil küçələrindəki binalardan birinin birinci mərtəbəsində yerləşən çörək sexindəki partlayışın gücündən qonşu binalardakı mənzillərin də şüşələri qırılıb, daha sonra yanğın başlayıb.

BFM telekanalının məlumatına görə, xeyli sayda xəsarət alan var və azı bir nəfər ölüb. 

İlkin ehtimala görə, hadisəyə səbəb qaz sızması olub.  

Qeyd edək ki, bu gün Parisdə və ölkənin başqa böyük şəhərlərində “sarı jiletlilər”in bahalığa və vergi artımına qarşı növbəti nümayişləri keçiriləcək.