4 evdən oğurluq edən Şabran sakini saxlanıldı (FOTO)

12 Yanvar, 2017 15:12 | Hadisə | Baxış sayı: 211
Şabran Rayon Polis Şöbəsi
Şabran Rayon Polis Şöbəsi

O, girdiyi evlərdə pul və qızıl axtarırmış

Şabran polisi rayon ərazisində kütləvi oğurluqlar edən şəxsin kimliyinə aydınlıq gətirib. Ayrı-ayrı vaxtlarda şəhər sakinlərinə məxsus evlərdən oğurluq edən Şabran  şəhər sakini, 17 yaşlı Zamin Nəzərəli oğlu Məlikov polis tərəfindən saxlanılıb.

İstiPress-in şimal bürosunun verdiyi xəbərə görə, əməliyyat tədbirləri zamanı Zamin Məlikovun əvvəlcə şəhərin Atatürk küçəsindəki Elçin Kamilova məxsus mağazadan 600 manat pul oğurladığı dəqiqləşib. Zamin yolunu daha sonra Q.Məmmədov küçəsində Müxlisə Əzimovaya məxsus evdən salıb. O bu evdən 741 manat dəyərində 2 mobil telefon və qızıl-zinət əşyaları oğurlayıb.

17 yaşlı gənc üçüncü cinayətini isə Şabran şəhəri, H.Əliyev küçəsində yaşayan Hikmət Salmanovun evində törədib. Bu evdən o, 350 manat dəyərində qızıl-zinət əşyalarını və 2 ədəd pensiya kartını gizli yolla oğurlayaraq aradan çıxıb. Amma Şabran polisi onun uzağa getməsinə imkan verməyib və yaxalayaraq istintaqa cəlb edib. İlkin araşdırma onun 4-cü cinayətinin də üstünü açıb.

Törətdiyi əməlləri etiraf edən Zamin Məlikov barəsində Şabran Rayon Polis Şöbəsinin istintaq bölməsində cinayət işi başlanılıb. Hazırda bütün faktlar üzrə araşdırma aparılır.