Cəlilabadda Rusiya vətəndaşı yük maşını ilə DSX zabiti və qızı vurdu

11 Oktyabr, 2018 10:20 | Hadisə | Baxış sayı: 65
Təcili yardım və polis maşını
Təcili yardım və polis maşını

Qəza nəticəsində zabitin 4 yaşlı qızı dünyasını dəyişib

Dövlət Sərhəd Xidmətinin əməkdaşı azyaşlı qızı ilə birlikdə yol qəzasına düşüb. Hadisə Cəlilabad rayonu ərazisində baş verib.

Ələt-Astara-İran sərhədi avtomobil yolunun Cəlilabad rayonunun Uzuntəpə kəndi ərazisindən keçən hissəsində Rusiya Federasiyasının Dağıstan vətəndaşı, 1986-cı il təvəllüdlü Maqomedov Maqomedqabib Omaroviç idarə etdiyi "Volvo" markalı yük avtomobili Ələt istiqamətində hərəkətdə olarkən yolun sağ tərəfində dayanan, Bakı şəhəri, Sabunçu rayon sakini, 1992-ci il təvəllüdlü Qasımov Cavid Elman oğlunun idarə etdiyi "VAZ 21124" markalı avtomobillə toqquşub.

C.Qasımov Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçusu, Astara Gömrük Buraxılış Məntəqəsində inspektor vəzifəsində işləyib.

Hadisə nəticəsində sürücü və onun qızı, 2014-cü il təvəllüdlü Qasımova Lalə Cavid qızı müxtəlif dərəcəli bədən xəsarətləri ilə Cəlilabad rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

L.Qasımova xəstəxanada dünyasını dəyişib.

Faktla bağlı cinayət işi başlanıb.