Gəncədə qətlə yetirilən polislər dəfn edildi YENİLƏNİB

11 İyul, 2018 14:30 | Hadisə | Baxış sayı: 238
Gəncədə öldürülən polislər
Gəncədə öldürülən polislər

Öldürülənlər polis polkovniki İlqar Balakişiyev və polis polkovnik-leytenantı Səməd Abbasov olub

Gəncə şəhərində öldürülən polis zabitləri dəfn edilib.Gəncə Şəhər Baş Polis İdarəsinin rəis müavini, polis polkovniki İlqar Balakişiyev və Nizami Rayon Polis İdarəsinin rəis müavini, polis polkovnik-leytenantı Səməd Abbasov vida mərasimindən sonra Gəncə şəhərindəki Şəhidlər Xiyabanında torpağa tapşırılıblar.

Saat 13:14

Ötən gün Gəncədə baş verən iğtişaşlar nəticəsində qətlə yetirilən polislərlə vida mərasimi keçirilir. Mərasim Gəncə Baş Polis İdarəsinin binasının qarşısında başlayıb. İstiPress-in “report”a istinadla verdiyi məlumata görə, mərasimdə hüquq-mühafizə orqanlarının rəhbər işşçiləri, polis əməkdaşları, İcra Hakimiyyətinin təmsilçiləri, ictimaiyyət nümayəndələri və mərhumun yaxınları iştirak edir.

Respublika Baş Prokurorluğu, Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizliyi Xidmətinin birgə yaydığı məlumata görə, ötən gün 150-200 nəfərdən ibarət radikal dini yönümlü bir qrup şəxs Gəncə şəhər İcra Hakimiyyətinin inzibati binasının önündəki meydana toplaşaraq asayişi kobud şəkildə pozmağa cəhd göstərib. Xidməti vəzifələrini yerinə yetirən polis əməkdaşlarının xəbərdarlığına məhəl qoymayan qanunazidd hərəkətlərin iştirakçıları özləri ilə gətirdikləri küt və kəsici-deşici alətlərlə asayiş keçşikçilərinə müqavimət göstəriblər.

Qanunsuz hərəkətlərin qarşısı alınarkən xidməti vəzifələrini yerinə yetirən iki polis zabiti – Gəncə Şəhər Baş Polis İdarəsinin rəis müavini, polis polkovniki İlqar Balakişiyev və Nizami Rayon Polis İdarəsinin rəis müavini, polis polkovnik-leytenantı Səməd Abbasov radikal ünsürlərin kəsici-deşici alətlərlə yetirdikləri zərbələr nəticəsində qətlə yetiriliblər.

Fakt üzrə Baş Prokurorluqda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.3, 120.2.7, 220.1, 221.3 və 228.4, 315.2-ci maddələri ilə cinayət işi başlanılıb. Davam etdirilən əməliyyat-axtarış tədbirləri ilə həmin qanlı cinayəti törətməkdə şübhəli bilinən iki nəfər - Gəncə şəhər sakinləri 1988-ci il təvəllüdlü, əvvəllər qəsdən adam öldürmə və soyğunçuluq cinayətlərinə görə məhkum olunmuş Rəşad Məmmədəli oğlu Böyükkişiyev və 1988-ci il təvəllüdlü Fərrux Xəqani oğlu Qasımov müəyyən edilib və onların tutulması üçün hüquq-mühafizə orqanları tərəfindən intensiv iş aparılır.

İlqar Balakişiyev
İlqar Balakişiyev