Gəncədə axtarışa verilənlərin FOTOsu yayıldı

11 İyul, 2018 10:10 | Hadisə | Baxış sayı: 479
Gəncədə baş verən ixtişaşlardan sonra axtarışa verilən şəxslər
Gəncədə baş verən ixtişaşlardan sonra axtarışa verilən şəxslər

Bu adamları görənlər dərhal polisə məlumat versin

Baş Prokurorluq, Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizliyi Xidməti Gəncə hadisələri ilə bağlı növbəti məlumat yayıb. Məlumatda bildirilib ki, iyulun 10-da Gəncə şəhərində ictimai asayişi pozmağa cəhd göstərmiş radikal dini yönümlü bir qrup şəxsin xidməti vəzifələrini yerinə yetirən polis əməkdaşlarına küt və kəsici-deşici alətlərlə hücum etməsi nəticəsində 2 polis zabiti şəhid olub.

Dərhal görülmüş tədbirlərlə Gəncə şəhərində ictimai asayiş tam bərpa edilib, bütövlükdə respublikada sabitlik və təhlükəsizlik etibarlı qorunur.

"Davam etdirilən əməliyyat-axtarış tədbirləri ilə həmin qanlı cinayəti törətməkdə şübhəli bilinən iki nəfər - Gəncə şəhər sakinləri 1988-ci il təvəllüdlü, əvvəllər qəsdən adam öldürmə və soyğunçuluq cinayətlərinə görə məhkum olunmuş Rəşad Məmmədəli oğlu Böyükkişiyev və 1988-ci il təvəllüdlü Fərrux Xəqani oğlu Qasımov müəyyən edilib və onların tutulması üçün tərəfimizdən intensiv iş aparılır.

Eyni zamanda, fotoşəkilləri təqdim edilmiş həmin şəxslərin gizləndikləri yeri bilən vətəndaşlarımızdan bu barədə Daxili İşlər Nazirliyinin “102” Xidmətinə, habelə Bakı şəhərində (012) 590-93-31; (012) 590-94-31; (012) 492-73-96, Gəncə şəhərində (012) 590-61-14; (012) 590-61-15; 256-07-73; 256-75-09 telefon nömrələrinə zəng vurub məlumat vermələri xahiş olunur" - məlumatda bildirilib.

Adıçəkilən şəxslər barəsində əlavə heç bir məlumat əldə etmək mümkün olmayıb.