16 yaşlı uşaq anasına "sağ ol. balam" deyən kişini bıçaqladı

11 İyun, 2019 13:58 | Hadisə | Baxış sayı: 186
Bıçaqlama
Bıçaqlama

Namus üstündə tanımadığı şəxsi bıçaqlayan 17 yaşlı gənc hakim qarşısında

Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən sağlamlığa ağır zərər vurmaqda ittiham edilən 2002-ci il təvəllüdlü Əli Qasımovun (ad və soy ad şərtidir) cinayət işi üzrə məhkəmə iclası başlayıb. Hakim Novruz Kərimovun sədrliyi ilə məhkəmənin baxış iclası baş tutub.

İttihamda yazılır ki, Əli Qasımov əvvəllər tanımadığı Elvin Əliyevi aralarında yaranmış mübahisə zamanı bıçaqla vurub. Ə.Qasımova qarşı Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə ittiham irəli sürülüb.

Elan olunmuş ittihamla Əli özünü təqsirli bilib. Əməlindən peşman olduğunu da söyləyib. Hadisə baş verən vaxt Əlinin 16 yaşı olub. O, Elvin Əliyevi namus üstündə vurduğunu deyib.

"Anamla telefonda danışırdı. Mən də şübhələndim. Sonra səs yazısına qulaq asdım. Bir kişi bir qadına münasibət qurmaq üçün nə demək lazım idisə deyirdi. Ən çox da sonuncu sözünə görə onu vurdum"- deyə Əli bildirib. "Sonda sağollaşanda anama dedi ki, sağ ol, balam. Bu sözdən sonra əsəbləşdim. Zəng edib görüşmək istədiyimi dedim. Sumqayıtda ASAN Xidmətin arxasında görüşdük. Mən ondan bu hərəkətinin səbəbini soruşdum. İnkar elədi. Mən də ona dedim ki, kimsə sənin anana belə hərəkət etsə, xoşuna gələr? Sonra mübahisə elədik. Bıçağı çıxarıb onu vurdum. Mən üstümdə bıçaq gəzdirən adam deyiləm. Həmin gün götürdüm. Məqsədim onu qorxutmaq idi. Vurandan sonra o qaçdı. Mən də bıçağı orada bir əraziyə atıb taksi ilə oradan uzaqlaşdım. Artıq gözlərim qaralmışdı. Həyəcandan özümü itirmişdim"- deyən Əli əməlindən peşman olduğunu söyləyib.

Bildirib ki, zərərçəkmiş tərəflə barışıq əldə edilib.

Məhkəmədə zərərçəkmiş Elvin Əliyev də dindirilib. Hazırda səhhətində heç bir problem olmadığını deyən Elvin Əliyev təqsirləndirilən Əlinin dediklərinin həqiqət olmadığını söyləyib.

Bildirib ki, Əlinin anası ilə münasibəti olmayıb.

"Mən ASAN Xidmətdə işləyirəm. Bir neçə dəfə sənəd işi ilə bağlı müraciət edib. Bundan sonra da əlaqələrimiz sırf işlə bağlı olub"- deyən Elvin Əliyevə hakim sual verib.

Sualdan məlum olub ki, Elvin Əliyevlə Əlinin anasının tanışlığı 2014-cü ildən olub. Hakim daha bir sual verərək soruşub ki, işlə bağlı danışıq və ya əlaqə niyə şəxsi telefonla aparılıb?

Elvin Əliyev həmin ərəfədə işlədiyi mərkəzdə daxili xətlərin olmadığını söyləyib.

Əli və zərərçəkmiş şəxs ifadə verən zaman adı bu işdə keçən S.Qasımova (Əlinin anası; ad və soy ad şərtidir) dərindən nəfəs alaraq, ifadələrə başını yelləyərək reaksiya verib. Bu, hakimin diqqətindən yayınmayıb və S.Qasımovaya xəbərdarlıq edib. Hakim bildirib ki, onun bu hərəkəti prosesin gedişatına problem yaradır.

Məhkəmə araşdırması davam etdirilir.