Saatlıda kütləvi zəhrlənmə, pambıqçılar xəstəxanalıq oldular YENİLƏNİB

11 İyun, 2018 10:15 | Hadisə | Baxış sayı: 128
Azərbaycanda pambıq sahəsi
Azərbaycanda pambıq sahəsi

Vəziyyəti ağır olan 4 nəfər Bakıya göndərilib

Saatlının Sımada kəndi ərazisində pambıq sahəsində baş verən zəhərlənmədən sonra Bakıya göndərilənlərin vəziyyəti orta ağırdır. Səhiyyə Nazirliyindən İstiPress-ə verilən məlumata görə, zəhərlənənlər üçün Bakı şəhərindən həkim briqadası Saatlı Rayon Mərkəzi Xəstəxanasına ezam olunub. Həkimlər xəstələrin vəziyyəti ilə tanış olaraq onlara tibbi yardım göstəriblər. Zəhərlənənlərdən 4-ü Bakıdakı Toksikologiya Mərkəzinə göndərilib. Müalicələri davam edir. 

Saatlı Rayon Mərkəzi Xəstəxanasında müalicə alan xəstələrdən ikisinin durumu qənaətbəxş olduğu üçün öz ərizələri əsasında evə buraxılıb. Digərlərinin müalicəsi davam edir. 

Saat 08:36

Saatlıda tarlada işləyən şəxslər zəhərlənib. Sımada kəndi ərazisində pambıq tarlasında işləyən 21 işçi zəhərlənmə diaqnozu ilə Saatlı Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Hətta onlara yardım göstərən feldşer, 1988-ci il təvəllüdlü Mehdiyev Hikmət Mirəli oğlu da zəhərlənib. 

İlkin məlumata görə, işçilərin pambıq tarlalarında alaq otlarına qarşı mübarizə aparmaq məqsədi ilə "Formula 5-FEC" kimyəvi dərmanından zəhərləndikləri bildirilir. 

Ötən gecə zəhərlənənlərlə bağlı Bakı şəhərindən bir qrup həkim Saatlı Rayon Mərkəzi Xəstəxanasına ezam olunub. İstiPress-in "report"a istinadla verdiyi məlumata görə, dərmandan zəhərlənən işçilərdən 4-ü Bakıya göndərilib.

Həkimlər xəstəxanada yerləşdirilən xəstələrin vəziyyəti ilə tanış olaraq onlara lazımi tibbi yardımlar göstəriblər.